Putin də İrəvanda əsasən bundan danışdı – Millət vəkili

Putin də İrəvanda əsasən bundan danışdı – Millət vəkili

Paşinyan təşkilata rəhbərlik etdikləri müddətdə KTMT-nin gücündən öz xeyrinə istifadə edə bilmədi. Azərbaycanın KTMT-yə üzv olan dövlətlərlə yaxın və müttəfiqlik əlaqələri var. Buraya həm də cənab İlham Əliyevin üzv ölkələrin rəhbərləri ilə şəxsi dostluq münasibətləri aiddir.

Bu sözləri AzerTimes-a açıqlamasında Ermənistanda keçirilən KTMT sammitinin nəticələrini şərh edən millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili Ermənistandan başqa bütün üzv dövlət rəhbərlərinin sülh müqaviləsinin imzalanmasına tərəfdar olduqlarını bildirdiklərini qeyd edib:

“Təşkilata üzv ölkələrin prezidentləri sülh müqaviləsindən, delimitasiya və demarkasiya prosesindən, nəqliyyat və kommunikasiya xətlərinin açılmasından bəhs etdi. Rusiya lideri Putin də sadaladığımız məsələlərdən danışdı. Yəni bütün üzvlər sülh müqaviləsinin imzalanmasına tərəfdar olduqlarını vurğuladı”.

Vahid Əhmədova görə, rəsmi İrəvanın bir sıra cəhdlər etməklə proseslərdə ciddi dəyişikliklərə nail olması qeyri-mümkündür:

“Paşinyanın KTMT sammitinin yekun bəyanatını imzalamaqdan boyun qaçırması öz-özlüyündə müəyyən suallar doğurur. Yerli KİV onun sənədi imzalamamasına səbəb kimi son bir ildə təşkilatın fəaliyyətindən narazılığını göstərir. Baş verən prosesləri, Ermənistanın sərhəddə mövqelərimizi atəşə tutmasını, rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki separatçıların terror qruplaşmalarının son günlər törətdiyi təxribatları nəzərdən keçirərkən bölgədə çox ciddi oyunların getdiyi məlum olur. Ermənistanda bir qrup Amerika və Avropa, digər qrup isə Rusiya ilə işləmək istəyir. Fikir ayrılıqları orada kifayət qədər böyükdür. İrəvan hələ də müəyyən rıçaqlardan yararlanmağa cəhd edir. Ancaq fikrimcə, bununla nəyəsə nail olmaq qeyri-mümkündür”.

Teqlər: