Xəbər - Samir Əli – Trend:
Baş Prokurorluq paytaxtın Xəzər rayonu sakini 2017-ci il
təvəllüdlü azyaşlının atası tərəfindən döyülməsi və ona əzab
verilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan
Zeynalov AzerTimes-a
açıqlamasında deyib ki, daxil olmuş müraciət əsasında Xəzər rayon
prokurorluğunda araşdırma aparılıb.
Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə
baxış keçirilib.
“Aparılmış araşdırmalarla müəyyən olunub ki, azyaşlının atası
döyməklə və sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və psixi
iztirablar verib.
Azyaşlının sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin
edilib. Bundan başqa, araşdırmalarla müəyyən olunub ki, azyaşlının
on altı yaşına çatmayan 2006-cı il təvəllüdlü bacısı isə qanunsuz
olaraq nikaha daxil olub.
Həmçinin, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən
edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən
uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına
az ağır dərəcəli hesab olunan xəsarət yetirilib.
Qeyd olunan faktlarla bağlı Xəzər rayon prokurorluğunda Cinayət
Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ibtidai
istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin
İstintaq Şöbəsinə göndərilib. İş üzrə müvafiq ekspertizalar təyin
olunub, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə
dindirilməsi həyata keçirilib. Uşaqların pozulmuş hüquqlarının
bərpası ilə bağlı Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin
görülməsi təmin ediləcək”, – K. Zeynalov deyib.