Prokuror yarım milyon manatdan çox mənimsəmədə təqsirləndirilən baş həkimə 11 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manatdan çox
mənimsəmədə təqsirləndirilən 23 nömrəli Birləşmiş Şəhər
Xəstəxanasının 30 il baş həkimi olmuş 85 yaşlı Rəsul Baxışəliyev,
onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova, xəstəxananın
tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin
cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə
keçirilə prosesdə prokuror təqsirləndirilən şəxş Rəsul Baxşəliyevin
11, Zinyət İsmayılovanın 10 il 6 ay, Afət İbrahimovanın 8 il, Əli
Əliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı həmçinin təqsirləndirilən şəxslərin barəsində
seçilmiş polis nəzarəti qətimkan tədbirinin ləğv edilməsini və
məhkəmə zalından həbs edilmələrini məhkəməyə təklif edib.

Proses mayın 12-də davam edəcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhəri
23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin
qanunsuz əməlləri və dövlət vəsaitini mənimsəmələri faktları
əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış
cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılmış istintaqla Rəsul Baxşəliyevin Bakı şəhəri 23 nömrəli
Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən
onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova ilə əlbir
olaraq həmin xəstəxananın tibb bacısı Afət İbrahimova və təsərrüfat
işçisi Əli Əliyevin köməkçiliyi ilə müvafiq rəsmi sənədlərə saxta
məlumatlar daxil edərək 2009-2021-ci illər ərzində qeyd edilən tibb
müəssisəsində müxtəlif vəzifələr tutmaqla faktiki olaraq işə
gəlməyən 36 nəfər şəxsin əmək funksiyalarını yerinə yetirməsi
görüntüsünü yaratmalarına, bu üsulla həmin işçilərə məxsus olub
özlərində saxladıqları plastik əməkhaqqı kartlarına köçürülmüş cəmi
626 min 844 manat məbləğində pul vəsaitini mənimsəmələrinə, vəzifə
səlahiyyətlərindən sui-istifadə etmələrinə və vəzifə saxtakarlığı
törətmələrinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə əldə edilmiş sübutlar əsasında Rəsul Baxşəliyev, Zinyət
İsmayılova, Afət İbrahimova və Əli Əliyev Cinayət Məcəlləsinin
179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla
törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır
nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət
işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

İbtidai istintaq zamanı vurulmuş maddi ziyanın 321 min 330 manat
hissəsinin ödətdirilməsi təmin edilib.

Teqlər: