Prokon şirkətinin Türkiyədəki törəmə şirkəti olan Prokon Makina,
Insaat, Imalat, Montaj, Sanayi ve Ticaret Ltd. Şirkəti (Prokon
Türkiyə) məmnunluq hissi ilə bildirir ki, Türkiye Petrol
Rafinerileri A.S. (Tüpraş) şirkəti ilə müqavilə imzalamışdır.
Müqaviləyə əsasən Prokon Türkiyə Tüpraş İzmit neft emalı zavodunda
müxtəlif rezervuarların təmiri və modifikasiyası xidmətlərini
göstərəcəkdir.
Müqavilə çərçivəsində Prokon Türkiyə xam neft, dizel, benzen,
benzin və su çənləri də daxil olmaqla, qurğuların ömrünü uzatmaq
məqsədilə altı saxlama çəninin modifikasiyası və təmiri işlərini
həyata keçirəcəkdir.
Görüləcək işlərin həcminə altı çən üçün müvəqqəti tikinti
keçidlərinin quraşdırılması, xüsusi örtükləmə və rəngləmə işləri,
iki çən üçün metalquraşdırma işləri də daxildir. Orta hündürlüyü 14
metr olan rezervuarların həcmi 25 metr və 60 metr arasında dəyişir.
Müqavilənin müddəti 14 aydır.
Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli
deyib: “Prokon şirkəti yaradıldğı 2012-ci ildən etibarən ölkə
daxilində və xaricində bir çox genişmiqyaslı sənaye layihələrinin
tikintisini uğurla başa çatdırıb təhvil vermişdir. Lakin Türkiyənin
sənaye nəhəngi olan Tüpraş ilə imzalanmış müqavilə Prokonun
tarixində yeni bir mərhələnin başlanğıcıdır, belə ki, şirkətimiz
Türkiyənin yüksək rəqabətli tikinti sektoruna daxil olmuşdur.
Türkiyə tikinti sənayesində beynəlxalq səviyyədə tanınır və bu
xidmətləri dünyaya ixrac edən ölkələr arasında ön sıralarda yer
alır. Biz Azərbaycan şirkəti olaraq, təsdiqlənmiş peşəkarlığımızı
və təcrübəmizi dünyanın tikinti xidmətləri sahəsində ən böyük
təchizatçılarından olan Türkiyəyə ixrac etməyimizlə qürur
duyuruq.”
Prokon Türkiyə 3 fevral 2022-ci il tarixindən etibarən Tüpraş
şirkətinin qeydiyyata alınmış və təsdiqlənmiş podratçı şirkətidir
və sözügedən müqaviləni ən yüksək keyfiyyətdə təhvil verməklə,
Tüpraş-ın gələcək layihələrində də iştirak etmək niyyətindədir.