Professordan Murad Dadaşovun iddialarına reaksiya

Professordan Murad Dadaşovun iddialarına reaksiya

Murad Dadaşovun dedikləri təəssüf ki, Azərbaycan televiziyasının bugünkü real vəziyyətidir. Televiziya izləyicilərinin əksəriyyəti şou həvəskarıdır, efirdə müxtəlif ailə-məişət mövzularının müzakirəsini xoşlayırlar. Süni yaradılan konfliktlər sayəsində verilişlərdə cazibə axtarırlar.

Bu sözləri AzerTimes-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib.

“Belə verilişlərə baxanlar kimlərdir və cəmiyyətin hansı seqmentini təmsil edirlər? Ümumiyyətlə, TV-lər verilişlərini hansı hədəf auditoriyasına yönəldir? Televiziya üçün təbii ki, birinci növbədə universal auditoriya mövcuddur. Az sayda da olsa, burada gənclər, qadınlar, uşaqlar üçün proqramlar hazırlanır. Amma şoular geniş kütlə üçün nəzərdə tutulur. Lakin ölkədə keyfiyyəti aşağı olan şouların sayı getdikcə artır. Özəl televiziyalar daha çox yüksək reytinq üçün çarpışır, reklam uğrunda mübarizə aparır, o da müəyyən mənada məsələni Murad Dadaşovun dediyi məqamların üzərinə gətirib çıxarır”, – Məhərrəmli bildirib.

Media eksperti qeyd edib ki, büdcədən maliyyələşən telekanallarımızın məsuliyyəti və işi daha mürəkkəbdir:

“Buna səbəb dövlət tərəfindən maliyyələşdiyi üçün onların xüsusi bazar qayğılarının olmamasıdır. Düşünürəm ki, maarifləndirici, informativ, analitik verilişlər bu televiziyalarda daha çox olmalıdır. Lakin bu, özəl televiziyalarda belə proqramların hazırlanmaması anlamına gəlmir. Bizdə məhz tarazlığın pozulması ciddi fəlakətlərə səbəb olur. Şou proqramlara sözsüz ki, tələbat var. Amma bu proqramlar yüksək səviyyədə, keyfiyyətlə hazırlanmalıdır. Vaxtilə məhz Murad Dadaşovun yüksək pəşəkarlıqla apardığı “Maşın” layihəsi də belə verilişlərdən idi. Ona görə televiziya işçiləri, sadəcə “auditoriyanın zövqü aşağıdır” bəhanəsi ilə proqramların çeşidini və məzmununu məhdudlaşdıra bilməz”.

Qeyd edək ki, Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı izləyicilərin maarifləndirici kontentlərə maraqlı olmadığını, yaradıcı verilişlər hazırlansa belə, ona heç kimin baxmayacağını bildirib.

Teqlər: