Priqojin qiyamı: Putin söz verib, edəcək – Brayza

Priqojin qiyamı: Putin söz verib, edəcək – Brayza

Mediada yayılan məlumatlara görə, Rusiya hökuməti üsyanda iştirak edən Priqojinlə dəstəsinə qarşı cinayət ittihamını götürüb və Priqojin Belarusa köçərək dərisini xilas edə bilib. Eyni zamanda Priqojin “Çeçenistan qəssabı” adlandırılan general Surovikin kimi Rusiyanın əsas hərbi komandirlərindən gözlədiyi səviyyədə dəstək almadı.

AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Beynəlxalq ekspert, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiyada baş verən son hadisələrlə bağlı danışarkən deyib.

O bildirib ki, Priqojin Çeçenistanın rəhbəri Ramzan Kadırovdan da dəstək almayıb:

“Əksinə, Kadırov öz dəstəsindən olan qaniçən hərbi cinayətkarlardan bəzilərini Moskvanın cənubuna Priqojin və onun dəstəsinin qarşısını almaq üçün göndərdi. Priqojin qalib gələ bilməyəcəyini hesablamış ola bilər və başqa vaxt döyüşmək üçün sağ qalmaq daha ağıllı variant idi”

M.Brayza deyib ki, Putin Priqojinin Belarusda öldürülməsinə göstəriş verməkdənsə, ona qarşı ittihamları ləğv etmək vədini yerinə yetirəcək:

“Baş verənlər istənilən halda Rusiya liderinin ən mühüm aləti olan qorxu formalaşdırmaq və onu saxlamaq bacarığını (taktikası da deyilə bilər) aradan qaldıraraq Putinə ciddi zərbə vurdu”.

M.Brayza deyib ki, daxildə baş verənlər Ukrayna üçün də əla fürsətdir:

“Birincisi, Putin indi Ukraynadakı müharibədən çox, öz rifahı üçün daxili təhdidlərdən narahat olmalıdır; İkincisi, artıq “Vaqner” kimi ən ağır və ən uğurlu döyüşləri yerinə yetirməyəcək”.

Teqlər: