“Vətən müharibəsi zamanı müsahibə götürən xarici media nümayəndələrinin əksəriyyəti məqsədyönlü olaraq manipulyasiya ilə məşğul idilər və Azərbaycan Prezidenti cənab İlham Əliyevə qərəzli suallar ünvanlayırdılar. Lakin cənab Prezident bütün suallara təmkinlə və faktlarla cavab verərək jurnalistləri mat vəziyyətə salırdı. Məhz bu səbəbdən həmin müsahibələr müsbət qarşılanırdı və ümumiyyətlə, Azərbaycanı tanımayan və ya haqqımızda az məlumatlı olan xarici vətəndaşlarda belə, rəğbət hissi yaradırdı”.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat əminliklə qeyd edib ki, Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələrin Azərbaycanın qələbə qazanmasında əhəmiyyəti böyükdür: “Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan, cənab İlham Əliyevin xalqa və orduya rəhbərliyi ilə rəşadətli ordumuz qətiyyətlə döyüşərək erməni terrorçularını işğal altında olan ərazilərimizdən qovdu və beləliklə, ərazi bütövlüyümüzü bərpa etdi. Bununla yanaşı, 44 günlük müharibə zamanı Cənab Prezident 30-a yaxın beynəlxalq televiziya və media nümayəndələrinə müsahibələr verdi. Bu vasitə ilə Prezident ermənilər tərəfindən yayılan yanlış məlumatlar, Ermənistanın haqsız mövqeyi barədə ətraflı məlumat verdi, Azərbaycanın haqq səsini dünyaya yaydı. İlham Əliyev müharibə ilə bağlı bəzi diplomatik mesajlarını da ictimaiyyətə birbaşa bu şəkildə çatdırırdı. Xatırladım ki, müsahibə götürən jurnalistlərin əksəriyyəti məqsədyönlü olaraq manipulyasiya ilə məşğul idilər və qərəzli suallar ünvanlayırdılar. Ancaq Cənab Prezident bütün suallara təmkinlə, faktlarla cavab verərək jurnalistləri mat vəziyyətə salırdı. Məhz bu səbəbdən həmin müsahibələr müsbət qarşılanırdı və ümumiyyətlə Azərbaycanı tanımayan və ya haqqımızda az məlumatlı olan xarici vətəndaşlarda belə rəğbət hissi yaranırdı. Eyni zamanda, biz bir sıra xarici kanallarda Ermənistanın baş naziri Nikol Paşinyanla möhtərəm Cənab Prezident İlham Əliyevin debatlarını da izləyirdik və debat zamanı fərqi açıq-aşkar hiss edirdik. Möhtərəm Prezidentin həm diplomat və lider olaraq çıxışı, həm də xarici dilləri mükəmməl bilməsi və faktlarla danışması olduqca müsbət qarşılanırdı. Unutmamalıyıq ki, buna qədər də Cənab Prezident bütün beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla beynəlxalq təşkilatları, sanki, 44 günlük Vətən müharibəsinə hazırlayırdı. Hesab edirəm ki, biz bu gündən sonra da çalışmalıyıq ki, Prezidentin göstərdiyi bu nümunəni davam etdirək və beynəlxalq media vasitəsilə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıraq”.
Qeyd: Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə 3 milyon baxışı keçib. Məlumata əsasən, indiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.