Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olublar (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində fərdi
evdə aparılmış təmir-bərpa işləri ilə tanış olublar.

Trend xəbər
verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı
məlumat verdi.

Bildirildi ki, 44 günlük Vətən müharibəsi zamanı, hərbi
əməliyyatlar nəticəsində Tərtər rayonunun işğaldan azad edilmiş
Suqovuşan qəsəbəsində 16 fərdi ev qismən yararsız vəziyyətə
düşmüşdür. Bu evlərdən biri əsaslı təmir olunub.

Təmir olunan evin ümumi yaşayış sahəsi 92 kvadratmetrdir.
Layihəyə əsasən ev 3 otaq, mətbəx və 2 sanitar qovşağından
ibarətdir. Tikinti altında olan sahə isə 148 kvadratmetr təşkil
edir. Fasadın əsas hissəsi dekorativ təbii daşla üzlənib ki, bu da
evin və yerləşdiyi ərazinin ahəngini tamamlayır. Fasadın qalan
hissəsində isə suyadavamlı boya materialından istifadə olunub. Evin
damı metal kirəmitlə örtülüb, terrasa keramika döşənib, tavanı isə
taxta materialdan hazırlanıb.

Evin otaqları yüksək səviyyədə və müasir dizaynla bərpa olunub.
Həyətyanı sahə abadlaşdırılıb, ərazidə ağaclar əkilib. Fərdi
evlərin yerləşdiyi məhəlləyə işıq və su xətləri çəkilib, yola
asfalt örtüyü döşənib.

Teqlər: