Prezidenti İlham Əliyev: Məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur

Məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar
Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur.

Trend xəbər verir ki, bunu Prezidenti İlham Əliyev martın 5-də
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd
Şərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Hazırda bizim qarşımızda böyük çağırışlar var. Əminəm ki, bizim
planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa
prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük
işdir. İndiyə qədər biz nə beynəlxalq təşkilatlardan, nə də
dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar
belə almamışıq. Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz
bunu etməyə davam edəcəyik. Lakin əlbəttə qəribədir ki, torpaqların
azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim
bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə
donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var.
Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar
Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur.
Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda
dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin
bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq
təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı
qəbuledilməzdir. Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya
kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq
ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var. Biz sizin səfərinizi
bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz
barədə hesabat verəcəksiniz. Çünki, eşitmək, bilmək, oxumaq ayrı,
gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir”.

Teqlər: