Xəbər - Elçin Mehdiyev – Trend:
Noyabrın 26-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş ötən il imzalanmış kapitulyasiya aktının davamı, məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması, müzəffər Ordumuzun Zəfəri nəticəsində yaranmış reallıqların qəbul edilməsidir.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, kapitulyasiya aktının imzalanmasından keçən zaman kəsiyində, xüsusilə də son bir neçə ay ərzində Ermənistanın və bölgədə sülhün, əminamanlığın təmin edilməsində maraqlı olmayan dairələrin, həmçinin onların siyasi sifarişlərini icra edən erməni diaosporunun və lobbisinin atdığı bütün addımlar Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin regional və subregional prosesləri istiqamətləndirmək bacarığı və diplomatik məharəti nəticəsində iflasa uğrayıb.
“Eyni zamanda, həm Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə həmsərhəd ərazilərində, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində rəsmi İrəvanın həyata keçirdiyi və stimullaşdırdığı təxribatatların qarşısı məharətlə alınıb, revanşçı niyyətlər 44 günlük müharibə dövründə olduğu kimi, acınacaqlı məğlubiyyətə uğradılıb. Rəsmi İrəvanın regionda yeni qarşıdurma şəraitinin yaradılmasına xidmət edən addımları da Azərbaycan liderinin qətiyyətli, prinsipial mövqeyi nəticəsində fiasko ilə sonlanıb və həm daxili siyasətdə, həm də regional müstəvidə Ermənistanın öz əleyhinə yönəlib” – deyə, E.Mirzəbəyli deyib.
O qeyd edib ki, müəyyən zaman kəsiyində İkinci Qarabağ müharibəsinin nəticələri səbəbindən yaranan bəzi reallıqların dəyişə biləcəyinə ümid bəsləyən və çoxsaylı məkrli gedişləriylə buna çalışan Ermənistanın bütün ümidləri puça çıxarıldığından, rəsmi İrəvan Azərbaycanın dəyişdirilməsi mümkün olmayan şərtləri daxilində danışıqlara getməkdən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa heç bir çıxış yolunun olmadığını qəbul etməyə məcbur olub.
“Noyabrın 26-da Soçidə keçiriləcək görüş Ermənistanın postmüharibə dövründəki təxribatlarının iflasa uğradığının və məğlub ölkənin çıxılmaz duruma düşdüyünün etirafı kimi də qəbul oluna bilər” – deyə, E.Mirzəbəyli bildirib.
Politoloq Ceyhun Əhmədli isə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar masasına gətirilməsi Azərbaycan dövlətinin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Paşinyan növbəti dəfə regiondakı reallıqları qəbul etməyə məcbur qaldı.
“Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz. Əksinə, bu kimi təxribatlar onsuz da uğursuzluq girdabında çabalayan Ermənistan üçün daha böyük faciələr gətirə bilər. Xüsusən, sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Beləliklə, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yoxdur. İrəvanın üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Soçidə keçiriləcək görüşə müsbət cavab verməsi bu aspektdən qiymətləndirilməlidir. Azərbaycan Ermənistanı məcbur etdi ki, danışqılara getsin və Azərbaycanın şərtlərini qəbul etsin” – deyə, politoloq bildirib.
Görüşün Rusiyanın vasitəçiliyi ilə baş tutacağını xatırladan C.Əhmədli qeyd edib ki, bu, öz növbəsində 10 noyabr bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sürəcə əlavə impuls verəcək.
“Bu görüşdə də diktə edən tərəf Azərbaycandır. Azərbaycan Prezidenti qalib xalqın lideri kimi Soçiyə yollanır. Ümumiyyətlə, Soçi görüşünü ötən il imzalanan kaputulasiya aktının davamı kimi xarakterizə edə bilərik.
Soçi görüşünə ümidlər böyükdür. Çünki nəzərə alaq ki, 15 dekabr tarixində Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə növbəti görüşün keçiriləcəyi nəzərdə tutulub. Moskva maksimum çalışacaq ki, Soçidə əhəmiyyətli siyasi qərarlar qəbul olunsun və Brüssel görüşü Soçi danışıqlarının kölgsində qalsın. Bu mənada istisna deyil ki, kommunikasiyaların işlək vəziyyətə gətirilməsi və sərhədlərin müəyyən edilməsi ilə bağlı mühüm razılıq əldə olunacaq.
Nəzərə alaq ki, 11 yanvar tarixində keçirilən görüşdə nəqliyyat və iqtisadiyyat əlaqələrinin açılması istiqamətində fəaliyyəti həyata keçirmək üçün baş nazirlərin müavinləri səviyyəsində xüsusi İşçi Qrup yaradılmışdı. Və ötən dövr ərzində bu qrup çərçivəsində dəfələrlə görüş və müzakirələr təşkil olunub. Əgər ali səviyyəli üçtərəfli görüş keçirilirsə, deməli, İşçi Qrup qeyd olunan istiqamətlər üzrə fəaliyyətini uğurla yekunlaşdıra bilib” – deyə, C.Əhmədli vurğulayıb.