Azərbaycan genişmiqyaslı islahatlar ölkəsinə çevrilib (FOTO)

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Noyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Rahib Məmmədov küçəsi 13 A, Yusif Səfərov küçəsi 50 və Xocalı prospekti 28 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib.

YAP Xətai rayon təşkilatından AzerTimes-ə bildiriblər ki, əvvəlcə hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

Yıgıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın bugünkü reallıqları dövrün, zamanın tələblərinə uyğun təkmil islahatların təqdimatıdır: “Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı genişmiqyaslı islahatlar ölkəsinə çevirib. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasına uyğun olaraq, işğaldan azad edilmiş şəhər və kəndlərimizin müasir dövrün tələblərinə uyğun yenidən qurulması, bu ərazilərdə müasir idarəçilik sisteminin yaradılması da bunun bariz nümunəsidir. Hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyən dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadi və maliyyə imkanlarına əsaslanaraq Qarabağımızın tezliklə cənnət məkana çevriləcəyini, soydaşlarımızın Böyük Qayıdışının reallaşacağını böyük əminliklə qeyd edir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın davamlı inkişafı üçün geniş imkanlar yaranır. 2021-ci ildə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan 2022-ci ildə də yeni-yeni uğurlara nail olacaq. Zəfər büdcəsi kimi dəyərləndirilən 2022-ci ilin dövlət büdcəsi gələn il qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsini təmin edəcək. İqtisadi müstəqilliyini möhkəmləndirən ölkənin hədəflərini düzgün müəyyənləşdirməklə yanaşı, onları zamanında reallaşdırması qaçılmazdır. Tarixi Zəfərimiz iqtisadi və siyasi müstəqilliyin hər bir ölkənin həyatında, uğurlarında rolunu aydın şəkildə nümayiş etdirdi.”

V.Rəhimzadə artıq 30 yaşına qədəm qoyan Yeni Azərbaycan Partiyasının bu uğurlarımızda rolundan geniş bəhs edərək vurğulayıb ki, partiya ölkədə həyata keçirilən islahatlar prosesindən kənarda qalmır, daim yeniliyə, təkmilləşməyə maraq göstərir: “Partiyanın VII qurultayı məhz bu yenilikləri, zamanın tələblərini özündə əks etdirərək yeni qərarları ilə diqqətdə oldu. Bu günlərdə 29 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası üçün bu tarixi gün bir hesabat oldu. 29 ilə baxış fonunda gələn il 30 illik yubileyini qeyd edəcək partiyanın qarşısında dayanan vəzifələr açıqlandı. Daim monolitliyini qoruyan YAP birliyi, həmrəyliyi sayəsində qarşıdakı hədəflərə də yüksək səviyyədə nail olacaq”.

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Etibar İbrahimov Rahib Məmmədov küçəsi 13A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Samir Məmmədov sədr müavini, Rüstəm Şahbazov Yusif Səfərov küçəsi 50 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Pərviz İsgəndərli sədr müavini, Vasif Əmirov Xocalı prospekti 28 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Məmməd Əliyev isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

Teqlər: