Xəbər - Elçin Mehdiyev – Trend:
Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq, səmimi
münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan
əlaqələrin möhkəmləndirilməsi üçün daim çoxşaxəli tədbirlər həyata
keçirilir. Xalqımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və
digər bir çox qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə
bir-birinə doğma edib, sevincli gündə də, kədərli gündə də
bir-birlərinin yanında olublar.
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri bu əlaqələrin
daha da möhkəmlənməsinə xidmət edəcək.
Milli Məclisin deputatı Tahir Rzayev AzerTimes-a açıqlamsında bildirib
ki, Türkiyə – Azərbaycan dostluğunun, qardaşlığının əbədiliyi,
dönməzliyi, tarixin bütün dövrlərində özünü aydın göstərib və bu
gün də özünün ən yüksək zirvəsindədir.
“Bu dostluq və əməkdaşlıq dünyaya bir nümunə olmaqla yüksələn
xətt üzrə inkişaf etməkdədir. Ölkələrimizin strateji müttəfiqliyi,
gündən- günə genişlənən qardaşlıq əlaqələri, möhkəm təməl üzərində
bərqərar olan sağlam münasibətlər əlbəttə ki, xalqlarımızın
xoşbəxtliyinə və dövlətlərimizin inkişafına, birliyimizə,
dönməzliyimizə xidmət edir.
Şuşa Bəyannaməsi, imzalanan mühüm sazişlər, qəbul edilən qərar
və qətnamələr milli təhlükəsizliyimizin, müstəqilliyimizin
qorunmasına, düşmən müdaxiləsindən birgə qorunmağımıza, xarici
təsirləri dəf etməyimizə zəmanətdir”.
Deputat bildirib ki, Şuşa Bəyannaməsinin hər iki ölkənin
parlamenti tərəfindən təsdiqlənməsi dünyaya birliyimizi,
həmrəyliyimizi, hərbi əməkdaşlığımızı bəyan etməklə bərabər, həm də
sülhə, əminamanlığa bir çağırış idi.
“Çünki hər iki dövlət – Türkiyə və Azərbaycan uzun illər düşmən
təsirlərinə məruz qalmalarına, təcavüzdən əziyyət çəkmələrinə,
bəlalar görmələrinə baxmayaraq, yenə də dünyada sülhün,
əminamanlığın tərəfdarıdır.
Sərhədlərin təhlükəsizliyi, türkdilli dövlətlərin birliyi,
insanların xoşbəxtliyi, ölkələrin inkişafı dövlətlərimizin
amalıdır. Bu baxımdan qardaş dövlətlər Zəngəzur dəhlizinin
açılmasına, TANAP və TAP-ın səmərəli fəaliyyətinə, geosiyasi
vəziyyətdə hadisələrin düzgün qiymətləndirilməsinə və lazımi
nəticələr çıxarılmasına böyük önəm verirlər.
Çünki bu nəinki iki dövlət üçün, eləcə də bütün region ölkələri,
dünya xalqları üçün faydalıdır. Əgər bu gün Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında, Türkiyə dünyada sülhün
bərqərar edilməsində mühüm rol oynayırsa, deməli xalqlarımızın
gələcəyi xoşbəxtdir, ölkələrimiz inkişaf edib daha da
möhkəmlənəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə
səfəri də məhz bu amallara, dostluğa və qardaşlığa xidmət edir.
Sözsüz bu səfər də uğurları ilə xalqımızı sevindirəcək”, – deyə
deputat əlavə edib.
T.Rzayev sonda vurğulayıb ki, Azərbaycan-Türkiyə qardaşlığı və
əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə
nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi
münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca
dəyərlidir.