Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı dövlət orqanları qarşısında qoyduğu konkret tapşırıqlar yerinə yetirilir – Azər Qarayev (FOTO/VİDEO)

Azərbaycan dövləti şəhid ailələrinin, Qarabağ müharibəsi
veteranları və qazilərinin sosial təminatı üçün lazım olan bütün
tədbirləri həyata keçirir. Bu həssas kateqoriyadan olan insanlar
dövlətin birbaşa qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin
şəhid ailələri və qazilərlə bağlı dövlət orqanları qarşısında
qoyduğu konkret tapşırıqlar yerinə yetirilir.

Bu sözləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsində xüsusi xidmət orqanlarının veteranı,
1-ci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Azər Qarayev
bildirib. A.Qarayev qeyd edib ki, Qarabağ qazilərinə və şəhid
ailələrinə göstərilən diqqət və qayğı daim dövlətimiz üçün bir
nömrəli məsələ olub:

“Dünyanın heç bir yerində müharibə əlillərinə belə qayğı
göstərilmir. Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Qarabağ
qazilərinə, şəhid ailələrinə mənzillər, avtomobillər verilir, əlil
olmuş hərbçilərimizin müayinə və müalicəsi, hətta xarici ölkələrdə
tibbi yardım alamaları təmin edilir. Onların sosial təminatı
yaxşılaşdırılır, aylıq müavinatlar verilir. Əlil olan qazilər yeni
nəsil protezlərlə təmin olunur. Bu işdə Heydər Əliyev Fondu və
YAŞAT Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bütün bu
humanist addımlar təqdirəlayiqdir və cəmiyyətimiz tərəfindən xüsusi
məmnunluqla qarşılanır”.

Azər Qarayev onu da bildirib ki, bu istiqamətdə müəyyən
nöqsanlar da var, bəzən dövlət qurumlarının bəzi əməkdaşları
məsuliyyətsizlik edir, verilən tapşırıqları sona kimi yerinə
yetirmir, qazilərimizin problemlərinə ciddi yanaşmır və nəticədə
haqqlı narazılıqlar yaranır: “Təəssüf ki, belə neqativ hallar var.
Bu kimi nöqsanlar şübhəsiz ki, aradan qaldırılır. Lakin, qazilərin
bu problemlərini şişirdib bundan öz çirkin siyasi məqsədləri üçün
istifadə edən qüvvələr də var. Əsl təəssüf doğuran hal budur. Hamı
bilməlidir ki, Azərbaycan dövlətinin sosial siyasətinə heç bir
qüvvə kölgə sala bilməz”.

Polkovnik daha sonra 44 günlük Vətən Müharibəsində iştirak edən
bəzi qazilərin intihar etməsi faktları və müxalifət qüvvələrin
faciədən vicdansızcasına istifadə etməsinə də münasibət
bildirib:

“Müharibənin dəhşətləri uzun illər insanların yaddaşlarından
silinmir. Bəzən hərbçilərdə psixoloji pozuntular, ruhi sarsıntılar
yaranır. Özünə qapılan qazilər intihara cəhd edir. Belə hallar
təkcə bizim ölkədə baş vermir, dünyanın ən inkişaf etmiş
ölkələrində də belə intiharlara rast gəlinir. Amma çox təəssüf ki,
yaramaz qüvvələr bu hadisələri də siyasiləşdirir, cəmiyyət arasında
çaşqınlıq yaratmaq istəyir. Bu yolverilməzdir”.

A.Qarayev Azərbaycan vətəndaşlarını, şəhid ailələri və müharibə
vetereanlarını bu təxribatlara uymamağa, təmkinli olmağa,
problemləri ilə bağlı dövlət orqanlarına müraciət etməyə
çağırır.

Müsahibənin videovariantını təqdim edirik.

Teqlər: