Xəbər - Vüqar İmanov – Trend
Prezident İlham Əliyev sayəsində torpaqlarımız azad edilib və bu
gün Ağdama və Şuşaya reyslər təşkil olunur, sabah isə biz orada öz
evlərimizdə qonaq qəbul edəcəyik.
Bunu Trend-ə
Azərbaycanın Xalq artisti, görkəmli tar ifaçısı, “Şöhrət” və
“Şərəf” ordeni mükafatçısı, professor Ramiz Quliyev deyib.
“Azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi
altında fəal şəkildə bərpa prosesinin aparılması, infrastruktur və
şəhərsalma layihələrinin icra olunması, məktəb, xəstəxana və digər
obyektlərin təməlinin qoyulması, Ağdam və Füzuli şəhərlərinin baş
planlarının hazır olması sevindiricidir. Dövlət başçısı tapşırıb
ki, doğma yurdlarına qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin
olunsunlar. Bütün bunlar milyonlarla azərbaycanlı üçün, xüsusilə də
mənim üçün əzizdir, çünki mən Ağdamda doğulmuşam, musiqi sənətində
ilk addımlarımı məhz orada atmışam. Bu il mənim 75 yaşım tamam
olacaq və mən o zamanlarda müxtəlif tədbirlərin, festival və
sərgilərin keçirildiyi Ağdama gəlmiş musiqiçi, ədib, rəssam,
alimlərlə görüşlərimi xatirəmdə yaşadıram. Əminəm ki, bu ənənələr
nəinki bərpa olunacaq, həm də daha geniş miqyas alacaq”, – deyə o
bildirib.
Xalq artistinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham
Əliyevin 2021-ci ildə Şuşanı ölkənin mədəniyyət paytaxtı, 2022-ci
ili isə “Şuşa ili” elan etməsi hər bir azərbaycanlını sevindirən
əlamətdar hadisələr olub.
R.Quliyev qeyd edib ki, vaxtilə Cıdır düzündə “Xarı bülbül”
festivalında iştirak edib, müxtəlif musiqi əsərlərini ifa edib. Bu
irimiqyaslı festival bir çox ölkələrdən musiqiçilərin diqqətini
cəlb edirdi və indi bu ənənələr dirçəlir.
“Vurğulamaq istərdim ki, Azərbaycan xalqının zəngin mədəni
irsinin qorunması və təbliği daim Azərbaycan Prezidenti İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət
mərkəzindədir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyət və
incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması və bütün dünyada
təbliği ilə bağlı mühüm işlər görür. Bizi daha sevincli və işıqlı
günlər gözləyir! Bu il, “Şuşa ili”ndə və şəhərin əsasının
qoyulmasının 270-ci ildönümündə parlaq hadisələr gözlənilir. Biz
yenidən bütün dünyaya Azərbaycan mədəniyyətinin, Qarabağ diyarının
bütün gözəlliyi və zənginliyini nümayiş etdirəcəyik. Sevindiricidir
ki, milli mədəniyyətin beşiyi olan Şuşada uzun illərdən sonra
yenidən “Xarı bülbül” festivalı və “Vaqif” poeziya günləri
keçirilib. 2021-ci ilin mayında mən Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevanın təşrif buyurduğu
möhtəşəm “Xarı bülbül” festivalında iştirak etmişəm. Festival çox
yüksək səviyyədə keçdi, Cıdır düzündə klassik əsərlər və xalq
kompozisiyaları səsləndi. Bu, unudulmaz hisslər və təəssüratlar
idi. Bir çoxları bunu arzulayırdı və nəhayət bu, reallığa çevrildi.
Elə həmin ay Prezident İlham Əliyevin Ağdam rayonunun ictimaiyyəti
ilə şəhərin bərpasının başlanmasına həsr olunmuş görüşü keçdi. Mən
də bu görüşdə dram teatrının bərpası, muğam məktəbinin tikintisi və
yeni Ağdamda bu qədim musiqi sənətinin dirçəlməsi barədə
fikirlərimi səsləndirdim. Oğlum, əməkdar artist, dirijor Eyyub
Quliyev bölgədə klassik incəsənətin inkişafı və Ağdamda beynəlxalq
layihələrin icrası barədə fikrini bildirib. Biz Ağdamda və
Qarabağın digər azad edilmiş şəhərlərində böyük məmnuniyyətlə
konsertlər verəcəyik”, – R.Quliyev deyib.
O vurğulayıb ki, doğma Ağdamın baş planından heyranlıq
duyur.
“Məlum olduğu kimi, Ağdam təkcə Azərbaycanın deyil, həm də bütün
Qafqazın ən zəngin şəhərlərindən biri idi. Amma təxminən otuz illik
erməni işğalı dövründə şəhər xarabalığa çevrilib, evlər,
xəstəxanalar, məktəblər, kitabxanalar, mədəniyyət mərkəzləri, dram
teatrı dağıdılıb və bütün ərazi minalanıb. Bu görüntüləri müşahidə
etmək çox çətindir. Amma bu gün biz xoşbəxtik, çünki Ağdam həyata
qayıdır. Bundan başqa, əgər işğala qədər şəhərdə 30 minə yaxın
sakin yaşayırdısa, bərpadan sonra bura müasir infrastrukturlu,
yaşıl parkları olan, müxtəlif sosial, mədəni, iqtisadi əhəmiyyətli
obyektlərin yer alacağı, yüz minlik əhali ilə dünyanın ən gözəl
şəhərlərindən birinə çevriləcək! Əlbəttə ki, Ağdamda tarix-mədəni
hissə də – çörək muzeyi, dram teatrı, Pənahəli xanın unikal saray
kompleksi, Cümə məscidi bərpa olunacaq. Muğam mərkəzi və digər
mədəniyyət ocaqları tikiləcək, çünki Ağdam həmişə öz xanəndələri,
incəsənət ustaları ilə məşhur olub. Doğma Ağdamın azad edilməsindən
sonra mən üç dəfə orada olmuşam və hər dəfə sürətlə baş verən
dəyişikliklərdən heyrətə gəlmişəm. Biz doğma torpağa qayıdırıq.
Əminəm ki, ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər
Əliyevin Ağdamı regionun ən firavan və çiçəklənən mərkəzinə
çevirdiyi kimi, Prezident İlham Əliyev də Ağdamı bütün Qafqazın ən
inkişaf etmiş, firavan bölgəsinə çevirəcək”, – deyə R.Quliyev
vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)