Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün növbəti ciddi addımlar atır – Sevil Mikayılova

Bakı Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi
Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün növbəti ciddi
addımlar atır.

Bunu AzerTimes-a
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, bu baxımdan mayın 22-də Brüsseldə
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla
görüşü xüsusi əhəmiyyət daşıyır.

“Bu görüşdə də növbəti dəfə Azərbaycanın prinsipial mövqeyi əks
olundu. 5 saat çəkən görüşdə bir çox məsələlər müzakirə edildi.
Görüşdə Azərbaycan üçün uğurlu nəticələrin əldə olduğunu da
əminliklə deyə bilərik. Əldə olunmuş əsas nəticələrdən biri isə
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası
üzrə Dövlət Komissiyasının yaradılmasıdır. Bu istiqamətdə işlərin
aparılması olduqca önəmlidir”, – deyə deputat bildirib.

O vurğulayıb ki, görüş tam olaraq Azərbaycanın istədiyi formatda
keçirilib.

“Heç təsadüfi deyil ki, görüşdə “Dağlıq Qarabağ” ifadəsi
işlədilməyib və status məsələsi ümumiyyətlə müzakirə olunmayıb.
Azərbaycan ərazisində yaşayan erməni əhalinin hüquqları məsələsi
müzakirə olunub. Bunu da Azərbaycan Prezidenti İlham Əliyev
dəfələrlə öz çıxışlarında qeyd edib, açıq mövqe bildirib”, – deyə
S.Mikayılova qeyd edib.

S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyev bütün dünyada
nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan
lider kimi qəbul olunur. Brüssel görüşü də bu baxımdan səciyyəvi
oldu:

“Şarl Mişelin açıqlamalarından da göründüyü kimi, Brüssel
görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Görüşdə
həmçinin qarşılıqlı etimad mühitinin yaradılması, humanitar
addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə
bağlı müsbət yanaşmalar ortaya qoyulub. Bütövlükdə, Brüssel görüşü
Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə
qoruduğunu bir daha təsdiqlədi. Artıq yaxın zamanlarda
dövlətlərarası sərhəddə komissiyaların birinci birgə iclasının
keçirilməsi məsələsi də görüşdə razılaşdırılıb”, – deyə deputat
əlavə edib.

Zəngəzur dəhlizinin açılmasından da danışan S.Mikayılova qeyd
edib ki, görüşdə bu məsələnin müzakirəsi də yer alıb.

“Tərəflər Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir
yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı
razılığa gəliblər. Bu da artıq Azərbaycan Prezidenti İlham Əliyevin
qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin tezliklə reallaşacağının
sübutudur”, – deyə S.Mikayılova fikrini tamamlayıb.

Teqlər: