Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində qarşıda duran bütün vəzifələr icra edilir – TƏHLİL

Dünən Prezident cənab İlham Əliyevin sədrliyi ilə cari ilin
birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Qlobal
şokların aktiv olmasına baxmayaraq ötən rübdə Azərbaycan
iqtisadiyyatı sürətli artım tempini qoruyub saxlaya bilib. Belə ki,
birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft
iqtisadiyyatı isə 10 faizdən çox böyüyüb.

Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən postmünaqişə
reallıqlarını qəbul edib, eyni zamanda, Azərbaycana olan maraq daha
da artıb. Bu maraq böyük investisiya layihələrində özünü göstərir.
Təkcə bu ilin üç ayında bərpaolunan enerji üzrə iki elektrik
stansiyasının təməli qoyulub.Xarici dövlət borcu azalıb. Keçən
ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib,
hazırda cəmi 12,5 faizdir. Azərbaycan bir il ərzində xarici borcu
təqribən 600 milyon dollardan çox aşağı salıb

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas
verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi
siyasət nəticəsində qarşıda duran bütün vəzifələr icra edilir.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli
Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov
bildirib.

O qeyd edib ki, bu ilin əvvəlində minimum əmək haqqının və eləcə
də dövlət sektorunda çalışanların maaşlarındakı artım ölkə üzrə
orta aylıq əmək haqqı məbləğinə təsirsiz ötüşməyib.

“2022-ci ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqı
əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat
olub. Muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə
müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1682,1 min nəfər
olub, onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,
779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət
göstərib.

Bu ilin ilk 3 ayında ixrac idxalı 5,1 milyard dollar üstələyib
və bu da xarici ticarət balansında böyük müsbət saldonun
yaranmasına səbəb olub. Sözügedən müddətdə dünya bazarında müşahidə
edilən qiymət artımları Azərbaycan istehlak bazarından da təsirsiz
ötüşməyib. 2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri
indeksi əvvəlki ilin uyğun dövrünə nisbətən 112,2 faiz, o cümlədən
ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0 faiz,
qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş
ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib”, – deyə o
vurğulayıb.

V.Bayramov, həmçinin, bildirib ki, cari ilin mart ayında
istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz,
əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib. Bununla
yanaşı, ötən rübdə infilyasiya qarşı mübarizə gücləndirilib.
Sahibkarlar üçün artıq yeni təşviq mexanizmləri təklif olunur.

“Bütövlükdə, bu ilin ilk rübünün nəticələri Azərbaycan
iqtisadiyyatında artım tendensiyasının davam etdiyindən xəbər
verir. 2021-ci ildə ÜDM 5.6 faiz böyümüşdürsə, 2022-ci ilin ilk 3
ayında artım 6.8 faizədək yüksəlib. Bir sıra əsas ticarət
tərəfdaşlarımızdakı valyuta qıtlığının müşahidə edilməsi fonunda
Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsi bu ilk rübünün
nəticələrini müsbət qiymətləndirməyə imkan verir”, – deyə o əlavə
edib.

Milli Məclisin deputatı Sevinc Hüseynova
AzerTimes-a bildirib ki, 2022-ci ilin üç ayında Azərbaycan bütün
sahələrdə, o cümlədən, sosial-iqtisadi inkişaf sahəsində uğurla
inkişaf edib.

Deputat qeyd edib ki, bu müddət ərzində Azərbaycan iqtisadiyyatı
artım tempini qoruyub saxlayıb. “Belə ki, ümumi daxili məhsulun 6,8
faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Bununla
yanaşı, iqtisadiyyatımızın bütün sahələrində artım müşahidə
edilib.

Qeyri-neft iqtisadiyyatı 10 faizdən, sənaye istehsalı 4 faizdir,
qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət
dövriyyəsi isə 60 faizdən çox artıb. Bununla yanaşı, Azərbaycan
qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların həcmində də
artım qeydə alınıb. Belə ki, 2022-ci ilin yanvar-mart aylarında
qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 10,1 faiz
artıb”, – deyə deputat bildirib.

O əlavə edib ki, sosial sahədə də ölkəmiz bu ilin ilk rübünü
uğurla başa vurub. “Bu müddət ərzində Azərbaycanda sosialyönümlü
layihələrin icrası davam etdirilib, əhalinin həssas təbəqəsi bu
layihələrdən faydalanıb.

Xüsusilə, şəhidlərin ailə üzvlərinə, öz sağlamlığını itirən
müharibə əlillərinə, eyni zamanda, müharibə iştirakçılarına dövlət
dəstəyinin genişləndirilməsi istiqamətdə sosial ödənişlərin
təminatı həyata keçirilib, 93 min unikal şəxsə 103 min sosial
ödəniş təyin olunub. 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə
məşğulluq tədbirləri görülüb. Onların yarısı özünüməşğulluq
proqramlarına cəlb edilib və bu çərçivədə onlara kiçik ailə
təsərrüfatının qurulması imkanı yaradılıb. Bu ilin birinci rübündə
200 mənzil verilib, ilin sonunadək daha 1500 mənzilin təqdim
olunması planlaşdırılıb. Bütün bu tədbirlərin həyata keçirilməsinə
imkan verən amil Azərbaycanın iqtisadi inkişafıdır. Cənab Prezident
İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində
iqtisadiyyatımız öz inkişafnı davam etdirir”, – deyə deputat əlavə
edib”.

Teqlər: