Prezident İlham Əliyevin bəyan etdiyi əlavə qaz tədarükü potensialı alternativ tədarük mənbəyini təmin edəcək – Rumıniyalı nazir (MÜSAHİBƏ)

Xəbər - Ləman Zeynalova – Trend:

Trend BİA-nın Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku ilə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 8-ci iclası ilə bağlı özəl müsahibəsi:

Cənub Qaz Dəhlizinin əhəmiyyəti

“Azərbaycandan Avropaya qaz tədarükünün başlaması təkcə “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında iştirak edən ölkələrinin birgə səylərinin zirvəsi deyil, həm də Avropa enerji bazarı üçün qaz mənbələri və marşrutlarının şaxələndirilməsi baxımından fövqəladə vacib dönüş nöqtəsidir”, – deyə V.Popesku deyib.

O qeyd edib ki, Rumıniya daim inkişaf edən və Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini təsdiq edən “Cənub Qaz Dəhlizi”ni əvvəldən dəstəkləyib.

““Cənub Qaz Dəhlizi”nin istismara verilməsindən bir il ötüb. Avropa və dünya enerji bazarı üçün fövqəladə çətin olmuş bu il ərzində bu layihənin vacibliyi və səmərəliliyi mübahisəsiz təsdiq olunub. Avropada və bütün dünyada qiymətlər misli görünməmiş həddə çatıb. Mayeləşdirilmiş təbii qazla yanaşı, “Cənub Qaz Dəhlizi” ilə nəql olunan Azərbaycan qazı regionun bir çox dövlətləri üçün sığorta olub. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa bazarına nəql olunan qaz həcmlərini artırmaq imkanı olması barədə bəyanatı təcrübədə reallaşdırıla bilər. Bu, alternativ tədarük mənbələrini təmin edə bilər ki, bunu da Avropada bir çox ölkələr arzulayır”, – nazir deyib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi yolları

Nazir bildirib ki, Rumıniya “Cənub Qaz Dəhlizi”nin inkişafının ikinci mərhələsinin reallaşdırılmasına yönəlmiş addımlarda iştirak etməkdə maraqlıdır.

Onun sözlərinə görə, Buxarest “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının səkkizinci iclası ilə əlaqədar nəqliyyat infrastrukturunun, xüsusilə Rumıniya ilə Bolqarıstan arasında interkonnektor və BRUA qaz kəmərinin “Cənub Qaz Dəhlizi”nin Balkan və Mərkəzi Avropa istiqamətinə genişlənməsi planına daxil edilməsi təklfini təsdiq edir.

Nazir qeyd edib ki, BRUA qaz kəməri regional səviyyədə strateji əhəmiyyətli layihədir və Xəzər regionundan qaz həcmlərinin Rumıniya və Macarıstan arasında interkonnektorlar Mərkəzi Avropa bazarlarına nəqli üçün texniki və iqtidsadi imkanlar yaradır.

“BRUA bir sıra üstünlüklərə malikdir. İlk növbədə bu, artıq hazır qaz infrastrukturudur. Eyni zamanda, mühüm istehlak potensialı olan bazarları birləşdirir. Üçüncüsü, BRUA qaz kəmərinin istifadəsi üzrə təklif Yunanıstanla Bolqarıstan arasında qaz-nəqliyyat interkonnektorunu uğurla tamamlayır. Biz ümid edirik ki, Bolqarıstan və Yunanıstan öz öhdəliklərini yerinə yetirəcək interkonnektorun elan olunan müddət ərzində tikintisinin tamamlanması üçün zəruri addımları atacaq”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi planları böyük əhəmiyyət daşıyır, belə ki, indiyə kimi hələ də bir tədarükçüdən asılı olan Balkan və Cənub-Şərqi Avropa ökələri üçün yeni qaz tədarükçüləri lazımdır.

“Bu layihə yeni inkişaf imkanları əldə edib, bu isə regionun bir çox ölkələrinin Azərbaycan qazına çıxışa artan marağını göstərir. Əlbəttə, burada məsələ Avropaya ənənəvi mənbədən daxil olan qaz həcmlərini nəzərə alsaq, rəqabətdə deyil. “Cənub Qaz Dəhlizi”nin nəqliyyat infrastrukturunun inkişafın ikinci mərhələsinin reallaşdırılması hesabına genişləndirilməsi Avropanın enerji təhlükəsizliyi üçün çox dəyərli prosesdir. Bu, Xəzər regionundan Avropa bazarına tədarük həcmlərini əhəmiyyətli dərəcədə artıracaq”, – deyə V.Popesku deyib.

Nazir hesab edir ki, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi planlarında Aİ səviyyəsində müəyyən edilmiş qazıntı yanacağının istifadəsinin məhdudlaşdırılması ilə bağlı istiqamət nəzərə alınaraq Avropa qaz bazarının imkanları və ehtiyacları diqqətə alınmalıdır.

Cənub Qaz Dəhlizi üçün yeni ehtiyatlar

Qara dəniz əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir və “Cənub Qaz Dəhlizi” təchiz olunması üçün yeni perimetrlərin müəyyənləşdirilməsi üzrə Azərbaycanın daimi səyləri kontekstində maraq kəsb edə bilər.

“Bu, həmin layihə üçün tədarük mənbələrinin Xəzər regionunun hüdudlarından kənarda şaxələndirilməsi üzrə fəaliyyətin vacib istiqamətlərindən biri ola bilər. Xəzər və Qara dəniz arasında Rumıniyanın starteji mövqeyindən istifadə edəcək enerji nəqliyyat dəhlizinin yaradılması həm regional, həm də ümumilikə Aİ-nin enerji təhlükəsizliyini artıra bilər. Onu da qeyd etmək istərdim ki, “ROMGAZ” qaz istehsalçısı “ExxonMobil” şirkəti ilə Qara dənizdə Neptun çökəkliyi perimetrində səhmlər paketinin satın alınması ilə bağlı danışıqları başa çatdırıb və şərtlərlə bağlı razılıq əldə edib. Saziş bu rübün sonuna kimi imzalanacaq. Biz, həmçinin tezliklə Qara dənizdə Midiya perimetrində ildə bir milyard kubmetr həcmində qazın hasilatına başlayacağımıza ümid edirik”, – V.Popesku deyib.

Nazir qeyd edib ki, Rumıniya ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər SOCAR-ın Rumıniya bazarına çıxışını təmin edən vacib amil olub.

“SOCAR-ın fəaliyyəti, əsasən, Xəzər dənizi hövzəsində cəmləşsə də, Qara dəniz Xəzər regionu ilə Avropa bazarı arasında vacib enerji körpüsüdür. Rumıniya Qara dəniz regionunda strateji mövqedə yerləşir və enerji daşıyıcılarının Xəzər və Aralıq dənizlərindən Mərkəzi və Şərqi Avropaya tranzitinə kömək edə bilər”, – deyə nazir bildirib.

Enerji əməkdaşlığı üçün yeni perspektivlər

Nazir bildirib ki, Rumıniya Azərbaycanla strateji enerji tərəfdaşlığını, enerji sektorunda uzunmüddətli və məhsuldar əməkdaşlığı, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin artırılması üzrə birgə səylərdə fəal iştirakını yüksək qiymətləndirir.

“Rumıniya və Azərbaycan ənənəvi əlaqələr əsasında enerji sahəsində münasibətlərin möhkəmlənməsi üçün mühüm potensiala malikdir. İstifadə olunmamış real əməkdaşlıq potensialının mövcudluğu nəzərə alınarsa, Azərbaycandakı tərəfdaşlarla birbaşa dialoq enerji sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşməsinə kömək edəcək. Hər iki ölkə energetika sahəsində keyfiyyətli mütəxəssislərə malikdir və biz iqtisadi inkişafın dəstəklənməsi üçün qarşılıqlı səmərəli enerji layihələri hazırlaya bilərik. Biz Xəzərdə, o cümlədən, Azərbaycan bazarında Rumıniya şirkətlərinin mövcudluğunda maraqlıyıq. Biz həm də Rumıniyada daha çox Azərbaycan şirkətlərini görmək istərdik”, – V.Popesku deyib.

SOCAR-ın Rumıniyada fəaliyyəti barədə

O vurğulayıb ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada azkarbonlu mənbələrdən enerji alınması hesabına milli iqtisadiyyatına stimullaşdırılması ilə bağlı yeni yanaşma fonunda öz fəaliyyət sahələrinin genişləndirilməsi üçün çoxsaylı imkanları təhlil edə bilər.

Nazir xatırladıb ki, SOCAR 2011-ci ildən Rumıniyada milli səviyyədə yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı ilə məşğuldur.

“Əminəm ki, SOCAR-ın əhəmiyyətli investisiyalarından sonra bu şirkət Rumıniya yanacaq bazarının vacib iştirakçısına çevrilib. Vurğulamaq istərdim ki, Rumıniya yanacaq bazarına SOCAR kimi dünya səviyyəli iştirakçının çıxışından əlavə, bu şirkətin mövcudluğu yerli istehlakçılar tərəfindən də alqışlanır. Daha güclü rəqabət hər zaman bu sahədə müsbət amildir, çünki yanacaq qiymətlərinin azalmasına yol açır və pərakəndə satışda daha yüksək xidmət keyfiyyətini təmin edir. Biz şadıq ki, Rumıniya SOCAR-ın həm pərakəndə əməliyyatlar sahəsində, həm də Azərbaycan qazının Avropaya nəqli baxımından biznesin inkişafı üçün prioritet istiqamətdir. SOCAR Rumıniyada vacib layihələr reallaşdırır və mən fürsətdən istifadə edərək əmin etmək istəyirən ki, Rumıniyanın enerji sektoru istənilən investor üçün böyük imkanlar təqdim edir”, – V.Popesku deyib.

Alternativ enerji sahəsində əməkdaşlıq

Nazir bildirib ki, həm Xəzər dənizi, həm də Qara dəniz əhəmiyyətli külək potensialına malikdir. Rumıniya və Azərbaycan öz inkişaf strategiyalarına bu sahəyə investisiyaları daxil edə, eləcə də bu sektorun inkişafı ilə bağlı müzakirələr və təcrübə mübadiləsi keçirə bilər.

O qeyd edib ki, Avropa səviyyəsində enerji sektoru karbonsuz və uzunmüddətli dayanıqlı iqtisadi keçid prosesini yaşayır.

“İqlim baxımından neytral iqtisadiyyatda neft və qazın rolu dəyişəcək, amma keçid prosesində enerji balansında mühüm payını saxlayacaq. Biz bilirik ki, Azərbaycan qarşıya ümumi enerji balansında alternativ enerji mənbələrinin payı ilə bağlı ambisiyalı hədəflər qoyub və bir sıra vacib layihələrin reallaşdırılması imkanını nəzərdən keçirir. Rumıniya külək, su, günəş, geotermal mənbələr baxımından mühüm potensiala malikdir. Vacib layihələr reallaşdırılma mərhələsindədir və ya qiymətləndirmədən keçirilir”, – deyə o bildirib.

Nazir qeyd edib ki, Rumıniyanın enerji prioritetləri enerji balansında alternativ enerji mənbələrinin payının artırılması üçün, o cümlədən Qara dənizdə bərpa olunan enerji mənbələrinin potensialının istifadəsi, iri həcmdə elektrik enerjisinin saxlanması və hidrogenin istifadə olunması üçün zəruri olan yeni investisiyaları əhatə edəcək.

“Son qiymətləndirmə göstərib ki, Rumıniyanın Qara dənizdə külək enerjisi potensialı 70 min meqavattı ötür. Rumıniya, həmçinin bərpa olunan və azkarbonlu enerji mənbələrindən hidrogen istehsalında maraqlıdır. Bir çox yerlər artıq bərpa olunan enerji qazıntı yanacağına əsaslanan texnologiyalarla bazar qiymətlərinə görər uğurla rəqabət aparır. Əminəm ki, ölkələrimizin müvafiq şirkətləri arasında gələcək müzakirələr bizə bu mürəkkəb və perspektivli sektorda vacib layihələri müəyyən etməyə və reallaşdırmağa imkan verəcək”, – nazir əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: