Prezident İlham Əliyevdən məmurlara xəbərdarlıq: Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir

Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də
Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin
başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda
qəbul edərkən deyib.

Dövlə başçısı bildirib:

“Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini
onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar
qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir.
Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın
xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra
başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun
ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə
borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi,
korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına
göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən
insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq
nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət
məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və
bəzilərinin cinayət işlərinin istintaqı davam edir.

Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün
məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun
qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə
və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq
etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz
işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük
məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz
addımlarınızı da bu istiqamətdə atmalısınız”.

Teqlər: