Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük
dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan
rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində
cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları
– hərbçilər istifadə edirdilər.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri
yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər
sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan
xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni
faşizmindən xilas etmişdir.
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz
ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini
abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun
maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə
təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən
cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə
azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur”.