Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu
da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac
marşrutu ola bilər.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji
Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu
da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac
marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə
investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə,
hər bir məsələdə şaxələndirmə vacibdir.
Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi
potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər.
Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə
ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə
siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və
əməkdaşlığı gücləndirməkdən ibarət olub.
Bundan əlavə, biz zəruri infrastruktura malikik. Yeni dəniz
limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil
yolları və hava limanları. Azad olunmuş ərazilərdə üç yeni hava
limanımız olacaq. Onlardan biri artıq istifadə verilib. Beləliklə,
Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Nəhayət,
ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində
əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı
nəzərə alınmalıdır”.