Prezident İlham Əliyev: Vətən müharibəsində öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin

Vətən müharibəsində öz canını fəda etməyə hazır olan gənclərimiz
işlə təmin edilsin.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də
Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin
başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda
qəbul edərkən deyib.

Dövlə başçısı bildirib:

“Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə
işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların
seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə
alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır,
vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və
hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə
kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında
duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd
etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan
insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları
aparılanda bu, nəzərə alınmalıdır.

Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın
məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı
işlər görür – Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən
sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən
müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki,
dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu
amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan
gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin
təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz
onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək
istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər,
bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları
olmalıdır”.

Teqlər: