Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək, təzminat ödəyəcəklər

Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o
cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz
istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların
adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə
təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq
ödəyəcəklər.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Ermənistan işğal dövründə işğal altında olan torpaqların
ekologiyasına da böyük zərər vurmuşdur və mən həmin rəqəmləri
səsləndirmişdim. Əlli-altmış min hektar meşə ilə örtülü sahə
tamamilə məhv edilmişdir. Biz bunu peyk vasitəsilə müşahidə
edirdik. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında
meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Yəni, bu,
faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal
dövründə çirkin əməllərini təsvir etmək üçün, hesab edirəm ki, bu
iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda
da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox
böyük ziyan vurulmuşdur.

Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük
çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. O
Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və mən
Zəngilanda olarkən o kəsilmiş ağacların kötüklərini görmüşəm və
eyni zamanda, yandırılmış ağacları da görmüşəm. Eyni çirkin
əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal
sonra etmişdilər. Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq
üçün, iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd
əməllər üçün istifadə etmişdilər. Onlara məxsus olmayan,
azərbaycanlıların tikdirdikləri və onların qanunsuz yaşadıqları
evləri məhv etmiş, yandırmış, ağacları kəsmiş, yandırmışlar. Bütün
əşyaları ya məhv etmiş, ya da ki, söküb aparmışlar. Bu biabırçı
kadrlar xarici kanallar vasitəsilə də görüntüləndi və hər kəs görə
bildi ki, onlar hansı əşyaları özləri üçün əziz bilib tələm-tələsik
çıxartmağa nail olmuşdular. Amma, eyni zamanda, ağacları kəsib
yandırmışdılar.

Biz Bəsitçay təbiət qoruğunun bərpasına başladıq. Mən tarixi
Zəfərdən sonra ilk dəfə Zəngilanda olanda orada ağaclar əkmişəm.
Göstəriş verilib və təbii ki, biz Bəsitçay təbiət qoruğunu bərpa
edəcəyik. Amma, buna, əlbəttə ki, çox vaxt lazım olacaq.

Eyni zamanda, Ermənistan Zəngilandakı və digər rayonlardakı
qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə
istismar etmişdir. Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə
istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və
qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb
satılmışdır.

Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda
Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də
cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı
hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması
prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan
dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz
beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq
işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar
tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən
qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o
adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa
edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını
mütləq ödəyəcəklər”.

Teqlər: