4 nəfərin ölümündə təqsirləndirilən şirkət prezidenti məhkəmədən bəraət istəyir

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək dörd nəfərin
ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti
Elşad Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən
appellyasiya şikayəti verib.

AzerTimes-ın məlumatına görə, artıq şikayət Bakı Apellyasiya
Məhkəməsinə təqdim edilib.

Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə
razılaşmayıb, məhkəmədən bəraət istəyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
E.Kəlbəliyev 2 il nəqliyyat iddarə etmək qadağan olunmaqla 9 il
azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 14-də gecə saat 1 radələrində
Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini
E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini
Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər
toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri
Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis
Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə
xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək
həbs olunub.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin
sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış
müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti
olub.

Teqlər: