Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Teymur
Əmiraslan oğlu Bünyadovun vəfatı ilə əlaqədar nekroloq
imzalayıblar.
Trend xəbər verir ki, nekroloqun mətnində deyilir:
“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir.
Respublikanın qocaman tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri
doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il
aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir.
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci
Şıxlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o,
1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsində ali təhsil almış, 1951-ci ildə isə SSRİ Elmlər
Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına
daxil olmuş və burada 1955-ci ildə namizədlik dissertasiyası
müdafiə etmişdir.
Teymur Bünyadov 1955–1993-cü illərdə Azərbaycan Elmlər
Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi və şöbə
müdiri vəzifələrində çalışmış,
1993-cü ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutunda tarixi etnoqrafiya
şöbəsinin müdiri olmuşdur.
Teymur Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə
edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində
respublikamızda ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış,
1970-ci ildə professor elmi adına layiq görülmüşdür.
O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi
üzvü seçilmişdir.
Akademik Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində
respublikada etnoqrafiya elminin inkişafına sanballı töhfələr
vermişdir. Geniş elmi maraq dairəsi olan alim Azərbaycanın
tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb edən qədim
dövrlərinin bir sıra problemlərini araşdırmışdır. O, 30-dan çox
kitab və monoqrafiyanın, yüzlərlə məqalənin müəllifi idi. Alimin
Azərbaycanda əkinçilik ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi
mədəniyyət, sənətkarlıq və xalq məişəti ilə bağlı silsilə
tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və
lazımınca dəyərləndirilmişdir. Azərbaycanın etnoqrafiyasına dair
fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və yaxından
iştirakı ilə işıq üzü görmüşdür.
Teymur Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına böyük
qüvvə sərf etmişdir. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə
ahəngdar şəkildə əlaqələndirərək, uzun illər ölkənin aparıcı ali
təhsil ocaqlarında mühazirələr oxumuşdur. Teymur Bünyadov bir sıra
mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə
Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir.
O, eyni zamanda zəngin bədii və publisistik fəaliyyəti ilə
tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində
təqdirəlayiq xidmətlər göstərmişdir.
Teymur Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından
iştirak etmiş, fəal ictimai işlə məşğul olmuşdur. O, birinci
çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
seçilmişdir.
Akademik Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti
yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafında
xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali
mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif
edilmişdir.
Görkəmli alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu
tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Emin Əmrullayev
Arif Həşimov
İsa Həbibbəyli
Nailə Vəlixanlı
Yaqub Mahmudov”.