Neft koksunun kalsinasiyası və anod bloku istehsal layihəsinin hazırlanması üzrə tender elan olunub

Ölkəmizdə sənaye potensialının inkişafı üçün zəngin xammal və
resursların mövcudluğu, eləcə də sənaye sahələrinin imkanlarının
səfərbər edilməsi həmin sahələrin keyfiyyət və kəmiyyət baxımından
davamlı inkişafına əsaslı şəkildə təsir edir. Azərbaycanda
sənayenin inkişafında neft sektoru təkanverici qüvvə olsa da,
maşınqayırma, metallurgiya, kimya kompleksi, emal və mədənçıxarma
müəssisələri qeyri-neft sənayesinin inkişafında əhəmiyyətli
dərəcədə rola malikdir.

Qeyri-neft sektorunun potensial inkişaf imkanlarının
genişləndirilməsi istiqamətində aparılan islahatların davamı olaraq
yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə
müəssisəsi olan “Azəraluminium” MMC əlvan metallurgiyanın
inkişafına öz töhvəsini verməkdədir.

Alüminium istehsalı üzrə ixtisaslaşmış müəssisənin illik
istehsal gücü 50 000 ton təşkil edir. Burada tikinti, maşınqayırma,
qida qablaşdırma, elektrik enerjisi və digər sahələrdə geniş
istifadə olunan ilkin alüminium, fasiləsiz tökmə və soyuqyayma
məhsulları istehsal olunur.

Bu gün alüminium sənayesinin davamlı inkişafını təmin etmək üçün
həlli vacib olan əsas məsələlərdən biri xammal bazasının
yaradılmasıdır. Alüminium istehsalı üçün tələb olunan əsas
xammallardan biri də anod bloklarıdır. Bu məqsədilə “Azəraluminium”
MMC tərəfindən yerli neft koksundan istifadə etməklə, alüminium
istehsalının əsas xammallarından biri olan anod bloklarının
istehsalının təşkili üçün neft koksunun kalsinasiyası və anod
bloklarının istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.

Yaşıl neft koksunun kalsinasiyası və növbəti istehsal
mərhələsində kalsinasiya edilmiş neft koksundan anod istehsalı
əlavə iqtisadi faydalar yaradır. Kalsinasiya edilmiş neft koksu
daha sonra ilkin alüminium sənayesinin vacib xammallarından biri
olan yüksək keyfiyyətli anod istehsal etmək üçün istifadə olunur
ki, bu da ölkənin bu məhsul üzrə idxaldan asılılığını azalda,
həmçinin ixrac imkanlarının yaranmasına zəmin yarada bilər.

Layihənin ilkin mərhələsində yerli neft koksundan istifadə
etməklə anod bloklarının istehsalı layihəsinin investisiya
göstəricilərinin müəyyən olunması, istehsal proseslərinin
qurulması, ekoloji faktorların nəzərdən keçirilməsi və ümumi olaraq
səmərələliyin təhlil olunması üçün texniki-iqtisadi əsaslandırma
hazırlanması nəzərdə tutulur. Bu məqsədlə texniki tapşırıq
hazırlanmış və tender elan olunmuşdur. Satınalma prosesində
rəqabətin artırılması, səmərəliliyin əldə olunması, bu sahə üzrə
çoxillik geniş və beynəlxalq təcrübəyə malik olan məsləhətçi
şirkətlərin cəlb olunması məqsədilə elan bir neçə platformalarda
yerləşdirilmişdir.

Teqlər: