Noyabrın 1-də Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib.
AzerTimes xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.
Qeyd edək ki, yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.