Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N”
saylı hərbi hissəsinin açılışı olub.
Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva açılışda iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin
başçısına raport verdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə
sıra meydanında düzülmüş döyüş texnikalarına baxdılar.
Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan
şərait bərədə məlumat verildi.
Bildirildi ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış
məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi,
qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb.
Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri
avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da
müasir səviyyədədir.
Dövlətimizin başçısı və birinci xanım hərbi hissənin əsgər
yeməkxanasında yaradılan şəraitlə tanış oldular.
Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək
səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən
müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi
təhlükəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər
imkan, ən əsası siyasi iradə var. Digər tərəfdən, cəmiyyət də
dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı
şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir.