Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ayaz Mütəllibovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ayaz
Mütəllibovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Trend xəbər verir ki, nekroloqun mətnində deyilir:

“Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan
Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov
2022-ci il martın 27-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə
Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat
Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda
böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən
Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası,
mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş
mühəndis vəzifələrində çalışmışdır. O, 1966-cı ildə Bakı
soyuducular zavodunun direktoru təyin olunmuş, 1974–1977-ci illərdə
həmin vəzifədə qalmaqla “Bakelektroməişətmaş” istehsalat birliyinin
baş direktoru işləmişdir.

Ayaz Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya
Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə Azərbaycan SSR-in
yerli sənaye naziri təyin olunmuşdur. O, 1982–1989-cu illərdə
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan
Komitəsinin sədri və 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər
Sovetinin sədri vəzifələrini tutmuş, 1990-cı ilin yanvarında
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi,
1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin və onun Siyasi Bürosunun üzvü olmuşdur. Ayaz Mütəllibov
1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsis
olunan Azərbaycan SSR-in Prezidenti vəzifəsinə seçilmiş, 1991-ci
ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş,
1992-ci ildə isə vəzifəsindən istefa vermişdir.

Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz
Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif
edilmişdir.

İctimai-siyasi və dövlət xadimi Ayaz Niyazi oğlu Mütəllibovun
xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Yaqub Eyyubov

Şahin Mustafayev”.

Teqlər: