Qarabağ münaqişəsinin həll edilməsi mənim üçün Prezident kimi
başlıca vəzifə idi. Prezident seçildiyim ilk gündən bu günə qədər
bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə
inkişaf etməsi mənim üçün başlıca vəzifədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa
şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı
bildirib.
Bütün qüvvələrin bu vəzifəyə səfərbər edildiyini vurğulayan
dövlətimizin başçısı deyib: “Biz hamımız – həm Azərbaycanda yaşayan
Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə
vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər
birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu
müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad
olunmasından daha vacib və ali vəzifə yox idi”.