Prezident İlham Əliyev TASS agentliyində Azərbaycan-Rusiya əməkdaşlığına həsr edilmiş sərgi ilə tanış olub

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS agentliyinin
mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik
münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı
ekspozisiya ilə tanış olublar. Bu, TASS və AZƏRTAC-ın birgə
layihəsidir.

AzerTimes xəbər verir ki, iyirmi
fotoşəkildən ibarət olan ekspozisiyada Rusiya və Azərbaycan
xalqlarının siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə
dostluğunun və əməkdaşlığının tarixinin ən yeni dövrü barədə söhbət
açılır.

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman
ekspozisiyada təqdim edilən şəkillər barədə qonaqlara məlumat
verib. TASS-ın fotoqrafları 1997-ci ildə Azərbaycan Prezidenti
Heydər Əliyev və Rusiya Prezidenti Boris Yeltsin tərəfindən
Dostluq, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Müqavilənin, 2001-ci
ildə Heydər Əliyev və Vladimir Putin tərəfindən Xəzər dənizində
əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyanatın və Qafqazda
təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı prinsipləri
haqqında Bakı Bəyannaməsinin imzalanması anlarını
əbədiləşdiriblər.

Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putinin, RF xarici
işlər naziri Sergey Lavrovun, Moskvanın və Bütün Rusiyanın
Patriarxı Kirillin Azərbaycana rəsmi səfərlərindən çəkilmiş
fotoşəkillər nümayiş etdirilir.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan”
pavilyonunun açılışı və Rusiya Prezidenti Vladimir Putin tərəfindən
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya
Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və
möhkəmləndirilməsində xidmətlərinə görə ”Dostluq” ordeninin təqdim
edilməsi mərasimlərindən çəkilmiş kadrlar Mehriban Əliyevanın
Rusiyaya səfərlərini əks etdirir.

2021-ci ildə Cəbrayılda “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin servis
mərkəzinin və “Gəncə Avtomobil Mərkəzi” İstehsalat Birliyinin
təməlinin qoyulmasını əks etdirən, AZƏRTAC-ın fotomüxbirinin
çəkdiyi fotoşəkil iqtisadiyyat sahəsində əməkdaşlıq nümunəsidir.
Azərbaycanın Xəzər Gəmiçiliyi üçün tikilmiş “Prezident Heydər
Əliyev” neftdaşıyan tankerinin “Krasnoye Sormovo” zavodunun
stapellərindən suya buraxılması mərasimindən çəkilmiş fotoşəkli
TASS agentliyi təqdim edib.

Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin
abidəsinin açılışından, Rusiyanın və Azərbaycanın Xalq artisti
Lyudmila Zıkinanın konsertindən sonra Heydər Əliyevin onunla
söhbəti zamanı AZƏRTAC-ın fotomüxbirinin çəkdiyi kadrlar mədəniyyət
sahəsində qarşılıqlı münasibətlərdən bəhs edir.

Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan
Prezidenti İlham Əliyevin görüşləri həm rəsmi fotoşəkillərlə, həm
də onların Bakı sakinləri ilə qeyri-formal görüşündən çəkilmiş
kadrlarla nümayiş etdirilir.

Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra TASS
agentliyinin mənzil-qərargahında Rusiyanın aparıcı kütləvi
informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Teqlər: