Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra
olunacaq.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də
Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata
bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə
yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik.
Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə,
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti
prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi
məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana
səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim
mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün
bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və
olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk
dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü
dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk
dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək
dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra
olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət
paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim,
gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur”.