Prezident İlham Əliyev siyasətinin növbəti qələbəsi – Fərrux zəfəri (TƏHLİL)

Artıq Xocalı rayonun Fərrux kəndi də Azərbaycan Ordusunun
nəzarətindədir. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km məsafədə
yerləşir.

Bu kənd həm də bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi
baxımından olduqca əhəmiyyətlidir.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi martın
26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin
üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə
cəhd göstərdikləri ilə bağlı məlumat yaymışdı.

10 Noyabr bəyanatının 4-cü bəndinə əsasən qanunsuz erməni
birləşmələri həmin ərazilərdən çıxarılmalı idi. Artıq iki il
keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıb və Rusiya
sülhməramlıları 10 noyabr razılaşmasının müddəalarına əməl etmək
əvəzinə onu pozurlar.

Məsələni AzerTimes-a şərh edən Milli Məclisin deputatı Cavid
Osmanov
bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq
mövqelərini möhkəmlədir və bu proses davam edir.

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan,
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz
tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan
torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni
zamanda Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına
imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli
Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzası
ilə təsdiq olunmuş bəyanat imzalanıb. Bəyanata əsasən,
ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda Rusiya
sülhməramlı kontingenti yerləşdirildi” – deyə o qeyd edib.

Onun sözlərinə görə, Xocalı rayonunun Fərrux kəndinin
Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir:

“Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da
bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq. Xüsusilə
vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin “Nəyi, nə vaxt,
necə edəcəyi” sözləri indi öz yerini təsdiqləmiş olub. Uğurlu
diplomatik-siyasi yollarla artıq Fərrux kəndi də Azərbaycanın tam
nəzarəti altına keçmiş oldu”.

Milli Məclisin deputatı Elşən Musayev, öz
növbəsində, üçtərəfli razılaşmanın 4-cü bəndinə uyğun olaraq erməni
separatçılarının Qarabağdan çıxmalı olduqlarını qeyd edib.

“Bəli, Fərrux kəndi artıq bizdədir. Hətta bunu Fərrux Zəfəri də
adlandıra bilərik. Doğma kəndimizdir, yaxşı edib qayıtmışıq. Bu,
kimisə, ələlxüsus da Rusiyanı, onun Müdafiə Nazirliyini niyə belə
narahat edir ki? Azərbaycan məgər başqasının ərazisinəmi girib,
haranısa işğalmı edib? Xeyr. Azərbaycan öz ərazisindədir, öz
tarixi, əzəli kəndinə sahib çıxıb. Düz də edib. Hətta ən doğru
olanı edib.

Üçtərəfli razılaşmanın 4-cü bəndinə uyğun olaraq erməni
separatçıları Qarabağdan çıxmalı idilər. Çıxmasalar çıxardılmalı
idilər. Çıxdılarmı? Çıxmadılar. Ona görə indi özümüz çıxarırıq”, –
deyə deputat bildirib.

Onun sözlərinə görə, BMT-nin Qətnamələrini 44 günlük Vətən
Müharibəsi dövründə necə özümüz icra etdiksə, üçtərəfli
razılaşmanın müddəalarını da yenə özümüz təkbaşına icra edirik.

“Bu bizim haqqımızdır. Bu bzim suveren hüququmuzdur. Bura bizim
ərazimizdir. Odur ki, Rusiyanın Müdafiə Nazirliyi Azərbaycana irad
tutmaq əvəzinə getsin üçtərəfli razılaşmadakı bəndləri bir də
yaxşı-yaxşı oxusun, gerçəklikləri görsün.

Eyni zamanda Rusiyanın nəzərinə çatdırmaq lazımdır ki, 2 dövlət
arasında imzalanan 22 fervral tarixli “müttəfiqlik münasibətləri
haqda” bəyanata zidd hərəkətlər etmək, addımlar atmaq olmaz. Rusiya
isə bunu edir və nə təəssüf ki, çox açıq formada edir. Erməni
separatçılar Fərrux kəndi ətrafında mövqe qazananda Rusiya hara
baxırdı, neyləyirdi? Mane olurdumu? Razılaşmalar, Azərbaycanın
suveren hüquqları Rusiyanın yadına düşürdümü? Xeyr. Tam əksinə,
Rusiya həmin vaxt erməni ünsürlərinin hərəkətini sakitcə seyr
edirdi, hətta məqamı gələndə onları bəsləyirdi. Ona görə indi
məsləhət verməyə, irad tutmağa da haqqı yoxdur. Azərbaycan nə
edirsə düz edir. Ümumiyyətlə cənab Prezident İlham Əliyev hansı
addımı nə zaman atmağın lazım olduğunu hamıdan gözəl bilir”, – deyə
Elşən Musayev vurğulayıb.

Teqlər: