Prezident İlham Əliyev Si Cinpinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə
məktub göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

Hörmətli cənab Sədr,

Bu il biz Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası
arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin
qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar
Sizi ürəkdən təbrik edir, Sizə və Sizin simanızda dost Çin xalqına
ən səmimi arzularımı çatdırıram.

Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və Çin
xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu
birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu
ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk.

Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası
əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici
haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada
əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf
etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu
gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat,
nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər
sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında
yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş “Kəmər və Yol”
təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə
nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur
layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün
böyük imkanlar açır.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi
torpaqlarının işğaldan azad edilməsi ölkələrimiz arasında
əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratmışdır.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və
yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını
dəstəkləyirik.

Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq
təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur.
Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və
suverenliyini dəstəkləyirlər.

Hörmətli cənab Sədr,

Bu illər ərzində dost Çin Xalq Respublikasına həyata keçirdiyim
səfərləri, Sizinlə görüşlərimizi, apardığımız ətraflı fikir
mübadilələrini ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki,
sağlam təməl üzərində qurulmuş Azərbaycan-Çin ənənəvi dostluq
əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın
mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və
genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost
Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Teqlər: