Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralına təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev diplomatik münasibətlərin qurulmasının 30
illiyi ilə əlaqədar Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman
bin Əbdüləzizə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı
arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə
əlaqədar Sizi və qardaş xalqınızı şəxsən öz adımdan və Azərbaycan
xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan
xalqlarımızın maraqlarına xidmət edən dövlətlərarası əlaqələrimiz
ötən otuz il ərzində dinamik inkişaf yolu keçmiş, əməkdaşlığımız
həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənmişdir.

Səudiyyə Ərəbistanı bizim üçün vacib tərəfdaş və qardaş ölkədir.
Mən qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin
hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Eyni zamanda
ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını məmnunluqla qeyd
edir, qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək
əzmində olduğumuzu bildirirəm.

Azərbaycan xalqı Səudiyyə Ərəbistanının ölkəmizin ərazi
bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli
mövqeyini yüksək qiymətləndirir və bunu qardaşlığımızın bariz
ifadəsi kimi qəbul edir.

Bu gün bir sıra sahələrdə əldə etdiyimiz nailiyyətlər məmnunluq
doğurur. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji
sektorunda, o cümlədən OPEC+ formatı çərçivəsində uğurlu iş
birliyimiz təqdirəlayiqdir. Bərpaolunan enerji sahəsində
əməkdaşlığımızı xüsusilə qeyd etmək istəyirəm. Azərbaycanın bu
sektorda ən böyük elektrik stansiyası olacaq və ölkəmizin enerji
təhlükəsizliyinə töhfə verəcək “Xızı-Abşeron” Külək Elektrik
Stansiyası layihəsinin investoru və icraçısının məhz qardaş
ölkənizin “ACWA Power” şirkətinin olması bizi sevindirir.

Əlahəzrət,

Səudiyyə Ərəbistanına etdiyim səfərlər zamanı mənə göstərilən
yüksək diqqət və qonaqpərvərliyi, Sizinlə mehribanlıq və səmimiyyət
şəraitində keçən görüşlərimizi həmişə ən xoş təəssüratlarla
xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı
arasında ənənəvi dostluq əlaqələrini genişləndirmək, həm
ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın
potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər
göstərəcəyik.

Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər,
Səudiyyə Ərəbistanı Krallığının qardaş xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram”.

Teqlər: