Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq
Respublikasının Sədri Si Cinpinə ölkələrimiz arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub
ünvanlayıb.
AzerTimes-ın məlumatına görə,
məktubda Prezident İlham Əliyev bu il Azərbaycan Respublikası ilə
Çin Xalq Respublikası arasında əlamətdar ildönümü – diplomatik
münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini
bildirib.
“Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və
Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu
birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu
ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk.
Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası
əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici
haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada
əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf
etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu
gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat,
nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər
sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında
yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş “Kəmər və Yol”
təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə
nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur
layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün
böyük imkanlar açır”, – deyə təbrik məktubunda qeyd olunub.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi
torpaqlarının işğaldan azad edilməsinin ölkələrimiz arasında
əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratdığını
diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Şərqi Zəngəzur
və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma
işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik.
Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq
təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur.
Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və
suverenliyini dəstəkləyirlər”.
Prezident İlham Əliyev bu illər ərzində dost Çin Xalq
Respublikasına həyata keçirdiyim səfərlərini, Sədr Si Cinpin ilə
apardığı ətraflı fikir mübadilələrini ən xoş təəssüratlarla
xatırladığını, sağlam təməl üzərində qurulmuş Azərbaycan-Çin
ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı maraq doğuran
əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra
da inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.
Sonda dövlətimizin başçısı Sədr Si Cinpinə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq
və firavanlıq diləyib.