Pambığın alış qiyməti artırıla bilər

Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən
pambığın alış qiymətinin artırılması məsələsinə bir daha
baxılacaq.

Bu barədə AzerTimes-a Kənd
Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, aprel ayının ikinci ongünlüyündən başlayaraq
pambıqçılıq rayonlarında çiyid səpininə start veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev
Beyləqan, İmişli, Ağcabədi və digər rayonlarda yazlıq əkinlərə
hazırlıq dövründə fermerlərlə keçirilən silsilə görüşlərdə deyib
ki, Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq
məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında
dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə
yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri
pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul
subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı
olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir.

“Eyni zamanda pambıq şirkətləri ilə aparılan müzakirələrə
əsasən, xam pambığın alış qiyməti bu il də 50 manat artırılıb.
Bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın
hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata
alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri
tərəfindən pambığın alış qiymətinin artırılması məsələsinə bir daha
baxılacaq”, – deyə qeyd olunub.

.

Teqlər: