Şəhid ailələri, Qarabağ qazilərinə dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
“Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, görürəm ki, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar.
Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və artıq bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə 7200 avtomobil verilib.
Mən bu rəqəmləri səsləndirməklə bir daha göstərmək istəyirəm ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır.
Biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik. İndi hər kəs, bütün dünya bilir ki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Bu, artıq sübut olunub. Uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir, yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir.
Bu, bir daha onu göstərir ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir. İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə də dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir, bu da təbiidir. Çünki özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonunun keçirilməsi əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Sahibkarlar da bu məsələyə, bu təşəbbüsə böyük həvəslə qoşulublar və əminəm ki, bu təşəbbüsün çərçivələri getdikcə daha da genişlənəcək.
Bildiyiniz kimi, son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır. Bu il nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özününməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir.
Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır.
İndi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bax, bunu biz edirik. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.
Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirildi. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi”.