Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu
göndərib.
AzerTimes-ın məlumatına görə,
məktubda deyilir: “Zati-müqəddəsləri, Azərbaycan Respublikası ilə
Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyi ilə əlaqədar Sizi öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edirəm.
Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk.
Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə
səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf
yolu keçmişdir. 2002-ci ilin mayında Papa II İohann Pavelin və
2016-cı ilin oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi
səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası
dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana
etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda
keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram.
2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışı
münasibətlərimizin tarixində əlamətdar hadisələrdən biri olmuşdur.
2012-ci ildə isə Vatikanda ilk dəfə müsəlman ölkəsinə – Azərbaycana
həsr olunmuş sərgi keçirilmişdir. Bütün bunlar dinlərarası və
mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin
qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olması
istiqamətində əməkdaşlığımızın və birgə səylərimizin
təzahürüdür.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış
səmərəli əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Fond tərəfindən
Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin
bərpası həyata keçirilmiş, mədəni irsin qorunması sahəsində böyük
işlər görülmüşdür. Fondun reallaşdırdığı bu layihələr multikultural
dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi
Azərbaycanın ənənəvi rolunu bir daha təsdiq edir.
Zati-müqəddəsləri,
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin
inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük
şəxsi töhfəniz var. Azərbaycanın multikulturalizm və tolerantlıq
ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü
bildirirəm.
İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı
əməkdaşlıq bundan sonra da sivilizasiyalar və dinlərarası dialoqun,
dünyada tolerantlığın təşviqinə xidmət edəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür,
müqəddəs amallar naminə ali missiyanızda uğurlar diləyirəm”.