Prezident İlham Əliyev: Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı

Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan
şirkətlərinə maraqlı olardı.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də
Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata
bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu gün biz Qırğızıstanın investisiya imkanları barədə də
ətraflı danışdıq. Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji
infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə,
Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə
maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji
müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik
elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var.
Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın
investisiya potensialına çox ehtiyac olardı.

Mən əminəm ki, bu və digər məsələlər bu gün cənab Prezidentin
Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı
müzakirə ediləcək. Dediyim kimi, Azərbaycan şirkətlərinin bu görüşə
çox böyük marağı var. Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan
Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb
edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün
çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu, əlbəttə ki,
Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa
müddət ərzində yerinə yetirilməsinə imkan verəcək”.

Teqlər: