Prezident İlham Əliyev: Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır

Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Suqovuşan
qəsəbəsində Azərbaycan xalqını təbrik edərkən deyib.

Dövlət başçısı bildirib:

“Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı
bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ
diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar
Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma
quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan
qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti
düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı
ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb.
Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə
burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət
göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı
işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim
doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin
əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki,
heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə
yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli
olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək.
Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz
bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan
tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad
etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz
buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və
Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri
aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır.
Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə
bu doğma diyara qaytarmaqdır”.

Teqlər: