Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq, daim
telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək addımlarımızı
birgə atırıq
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu
qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan
qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm
kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə
təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var.
Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək
inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat
həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki,
onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün
əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim
əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında
Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan
ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz
qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman
bir-birimizin yanındayıq.
Ona görə sizi bu gün görmək mənim üçün çox xoşdur. Bildiyiniz
kimi, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq,
daim telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək
addımlarımızı birgə atırıq”.