Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident
Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak
edib.
Trend xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri
Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait
barədə məlumat verib.
Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev
küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların
rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün
zəruri şərait yaradılıb.
Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti
otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü
zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları
vardır.
Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də
Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111
nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat
verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul
olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq
olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa
videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada
ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu
otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi
ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə
sistemi vardır.
Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm
mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ
baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn,
həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat
köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan
keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət
edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu
prosesdə vətəndaşlara yardımçı olacaqlar.
Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət
qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək
pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın
artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər
cür şərait vardır.
Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada,
yaxud “president.az” rəsmi səhifəsi vasitəsilə
elektron məktubla da müraciət edə bilərlər.
Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin
hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə
operativ qaydada baxılır.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın
ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejiminin yumşaldılması barədə qəbul etdiyi qərara əsasən
dövlət orqanlarında vətəndaşların qrup halında və fərdi qaydada
qəbul edilməsinə artıq icazə verilib. Hazırda mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların səyyar
qəbulları həyata keçirilməkdədir. Eyni zamanda, Prezident
Administrasiyasının struktur bölmələrinin rəhbərləri tərəfindən də
vətəndaşlar qəbul ediləcəklər.
Qeyd edək ki, ötən il Prezident Administrasiyasına daxil olan
müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən və
təkliflərdən ibarət olub. Müraciətlər əsasən sosial müdafiə, İkinci
Qarabağ müharibəsi və onun nəticələri, hüquq-mühafizə orqanlarının,
məhkəmələrin fəaliyyəti, əfv məsələləri, səhiyyə xidmətləri, torpaq
məsələləri və işğaldan azad edilmiş ərazilərlə bağlı olub. Bu
müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə görə
dövlətimizin başçısı İlham Əliyevin ünvanına həmin dövrdə 30 minə
yaxın minnətdarlıq məktubu daxil olub.