Prezident İlham Əliyev Polşa Prezidentinə məktub göndərib

Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey
Dudaya təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir: “Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi
və dost Polşa xalqını səmimiyyətlə təbrik edirəm.

Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş
ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə
əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır. Xalqlarımız arasında
dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq
doğurur.

Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə böyük əhəmiyyət
veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi,
iqtisadi-ticari, mədəni və digər sahələrdə genişlənən əməkdaşlıq
diplomatik əlaqələrimizin otuz illik tarixini səciyyələndirən
cəhətlərdir. Əlamətdar haldır ki, biz bu il həm də
münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən
“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji
tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında
Birgə Bəyannamə”nin imzalanmasının beş illiyini qeyd edirik.

Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı
faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər
var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud
potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da
möhkəmləndirə və genişləndirə bilərik.

Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmaslar və
ali səviyyəli səfərlər xüsusi əhəmiyyət daşıyır. Mən Sizinlə
səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi ən
xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, Azərbaycan-Polşa
əlaqələri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun
olaraq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və
genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost
Polşa xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Teqlər: