Bir ailənin məhvinə gətirən qəzanın səbəbi nə idi: Nahamar yol, yoxsa yüksək sürət? (FOTO/VİDEO)

Xəbər - Fərid Zöhrabov -Trend:

Fevralın 17-də Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən
keçən hissəsində körpüdən avtomobilin aşması nəticəsində bir
ailənin bütün üzvləri həyatlarını itirib. Qəzanın görüntüləri
sosial şəbəkələrdə yayıldıqdan sonra bir sıra vətəndaşlar qəzanın
səbəbi kimi yolun hamar olmamasını göstərirdilər.

Bir neçə gün öncə qəza baş verən ərazidə təmir işləri aparılmağa
başlanılıb.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli
bildirib ki, istər qəzanın baş verdiyi yol, istər başqa problemli
yollarda zaman-zaman təmir işləri aparılır:

“Təmir elədir ki, günlərlə davam eləmir. Müəyyən ərazilər olur
ki, həmin işlər icra olunur. Müəyyən problemli ərazilərdə isə sürət
limiti var. Həmin körpülərdə sürət həddi 60 km/saatdır”, – deyə o
əlavə edib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən
keçən hissəsində baş verən qəza nəticəsində sürücü, 37 yaşlı Seymur
Əliyev, onun həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və bir yaşlı
övladları Həmzə Əliyev hadisə yerində ölüblər.

Dövlət Yol Polisi İdarəsi ötən həftə Sumqayıtda 3 nəfərin ölümü
ilə nəticələnən yol qəzasının ilkin səbəbini açıqlayıb.


AzerTimes-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi
polis polkovnik-leytenantı Namidan Piriyev isə
bildirib ki, qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır.

“Düzdür, Bakı-Quba yolunun bəzi hissələrində nahamarlıqlar var.
Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata
endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən
edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu, bir günə,
bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində
sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də
göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə
alaraq ona uyğun sürət həddi seçməlidir.

Həmin qəzada bir sıra digər amillər də var. Belə ki, qəzaya
düşən şəxslərin yaxınları vəfat etdiyi üçün tələsik yola çıxıblar.
Ailənin vəziyyəti, həm stress və həyəcan, həm də yüksək sürət həddi
qəzanın baş verməsinə təsir göstərib. Təhlükəsizlik kəmərinin
taxılmaması da hadisənin nəticəsini ağırlaşdırıb. Təbii ki, bunlar
hamısı ilkin ehtimallardır, hadisə ilə bağlı hələ istintaq gedir.
Yol polisi dəfələrlə sürücülərə müraciət edərək mənzil başına tez
yox, sağ-salamat çatmaq üçün qaydalara riayət etməyə çağırıb. Bir
daha bildiririk ki, ilk növbədə özümüzün və yaxınlarımızın həyatını
düşünərək addım atmalıyıq” – deyə o, vurğulayıb.

Teqlər: