Prezident İlham Əliyev Pakistanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti
Arif Alviyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü
münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı
çatdırıram.

Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan
əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur.
Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan
sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızın inkişafında
mühüm rol oynayır. Biz ortaq mənəvi dəyərlərimizdən və
xalqlarımızın iradəsindən güc alan bu birliyimizi daha da
möhkəmləndirmək əzmindəyik.

Pakistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun
olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi
dəstəyə və ədalətli mövqeyinə görə Sizə təşəkkür edirəm. Qardaş
ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək
qiymətləndirir.

Keçən il Aşqabadda Sizinlə səmimiyyət və qarşılıqlı etimad
şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş
təəssüratlarla xatırlayıram. Əminəm ki, dövlətlərarası
münasibətlərimizin və strateji tərəfdaşlığımızın genişləndirilməsi
sahəsində atdığımız addımlar, o cümlədən beynəlxalq təşkilatlar
çərçivəsində səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın
mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və
rifah arzulayıram”.

Teqlər: