Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o
zibilini təmizləsin.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.
Dövlət başçısı bildirib:
“Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan
əvvəl xüsusi məruzə hazırlandı və qəbul edildi – Ermənistanın
Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey
açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum
etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə
Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100
min hektar torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi.
İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni
kanallar da çəkiləcək. Digər çaylar, – qoy, bunu həm Azərbaycan
vətəndaşları, həm dünya bilsin, ermənilər bizi nədən məhrum
etmişlər, – Həkəri çayı – ən böyük çaylardan biri, istifadə edə
bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux,
Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay.
Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar
edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü
qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə
söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək.
Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir.
Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük
şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə,
korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta
rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub
və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra
Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni
nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti
törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən
demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi
mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış
edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb
olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada
ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim
təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər
yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər
ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə
gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə
boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa
hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi
unutmamışıq və unutmayacağıq”.