Prezident İlham Əliyev: Ötən 30 ildə Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edib və möhkəmlənib

Ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və
mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya
münasibətləri qarşılıqlı hörmət və etimad, bir-birinin
mənafelərinin nəzərə alınması prinsipləri əsasında strateji
tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf
edib və möhkəmlənib.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham
Əliyevin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubunda
yer alıb.

Təbrik məktubunda daha sonra deyilir: “Bu gün fəal siyasi
dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər
sahələrdə səmərəli əməkdaşlıqla səciyyəvi olan dövlətlərarası
əlaqələrimiz böyük məmnunluq doğurur. Qarşılıqlı ticarətin və
investisiyaların davamlı artımı, sanballı müqavilə-hüquq bazası,
müxtəlif sahələrdə birgə layihələrin və təşəbbüslərin səmərəli
reallaşdırılması ikitərəfli münasibətlərin dinamik inkişafına
parlaq sübutdur.

Xüsusilə sevindirici haldır ki, diplomatik münasibətlərin
qurulmasının budəfəki yubiley ili Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb. Bu mühüm
sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin
keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub.

Şübhəsiz, ali və yüksək səviyyədə müntəzəm əlaqələr, qarşılıqlı
səfərlər və görüşlər də Azərbaycan ilə Rusiya arasında əlaqələrin
inkişaf dinamikasına və birgə fəaliyyətin dərinləşməsinə müsbət
təsir göstərir”.

Azərbaycan Prezidenti dərin tarixi köklərlə, mənəvi və mədəni
yaxınlıqla bağlı olan xalqlarımız arasında dostluğun, mehriban
qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində
mədəni-humanitar münasibətlərin rolunu xüsusi qeyd edib. Vurğulanıb
ki, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Azərbaycanda rus
dilinin və rus mədəniyyətinin dövlət səviyyəsində hərtərəfli
dəstəklənməsi, tərəfdaşlığımızın humanitar gündəliyinə verdiyimiz
əhəmiyyəti əyani şəkildə təsdiqləyir.

“Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da ikitərəfli
əməkdaşlığın aktual məsələlərini reallaşdıra, Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin
xalqlarımızın və ölkələrimizin mənafeyi naminə möhkəmlənməsi üçün
yeni imkanlar aça biləcəyik”, – deyə təbrikdə qeyd olunur.

Teqlər: