Partlayış zamanı vətəndaşlara dəymiş ziyanı kim ödəyəcək?

Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində
yaxınlıqdakı obyekt və avtomobillərə də ciddi ziyan dəyib.

Məsələ ilə bağlı sığorta eksperti İlkin İbrahimov AzerTimes-a
bildirib ki, baş vermiş hadisədə üç sığorta hadisəsi var.

Ekspert bildirib ki, birinci mülki məsuliyyətin icbari sığortası
üzrədir. Hadisə baş verən əmlakın sahibi mülki məsuliyyətin icbari
sığortasına malikdirsə, bu zaman üçüncü şəxslər, yəni obyektin
içərisində olub zərərçəkən vətəndaşlar, çöldə zərər dəyən
avtomobillər və obyektlərin sahiblərinə dəyən zərər bu sığorta ilə
ödənə bilər. İkinci növ sığorta isə daşınmaz əmlakın icbari
sığortasıdır. Daşınmaz əmlakın icbari sığortası obyektin daxilində
hər hansı ziyan varsa, onu qarşılayır.

Üçüncü növ sığorta isə istehsalatda baş vermiş bədbəxt
hadisələrlə bağlı sığortadır.

Ehtimal olunur ki, obyektdə ölən şəxs oranın işçisi olub.
Obyektin icarədarı işçi ilə müqavilə bağlayıbsa, o zaman ölən
şəxsin ailəsinə sığorta ödənilir”,- İ.İbrahimov deyib.

Ekspert eyni zamanda bildirib ki, dəymiş zərərin ödənilməsi ilə
bağlı prosedurlar istintaq orqanının yekun qərarından sonra bəlli
olacaq: “Günahkar müəyyən olunandan sonra sadaladığımız
sığortalarla bağlı qərar qəbul olunacaq” – deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 3-də Bakıda gecə klubunda partlayış baş
verib. Baş Prokurorluğun məlumatına görə, hadisə zamanı 1 nəfər
ölüb, 31 nəfər yaralanıb. Bundan başqa gecə klubunda baş vermiş
partlayış nəticəsində yaxınlıqdakı obyekt və avtomobillərə də ciddi
ziyan dəyib. Belə ki, 1 mənzil, 2 qeyri-yaşayış obyekti, eləcə də
14 avtomobil partlayış dalğasına məruz qalıb.

Teqlər: