Prezident İlham Əliyev: Ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

Ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem
yoxdur.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan
Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində
bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar
yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz
yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi.
Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox
idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya
miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə
qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci
Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha
qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar
Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar.
Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz
öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz
də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox
müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir
problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu
problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji
balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici
təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər
yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş
mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə
çevrilmişik. Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə,
həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var,
onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı
planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna
bənzər açılışlar bundan sonra da çox olacaq”.

Teqlər: