Prezident İlham Əliyev: Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın azad olunması idi

Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın,
bizim Qarabağın tacı olan əziz şəhərimizin erməni tapdağından azad
olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi
təyinatlılar nail oldu.

Trend xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı
deyib.

Dövlət başçısı bildirib:

“Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz
deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, – hansı
ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, – onlar
inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa
yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz
olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz
sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət
Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz
yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər
hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizin
erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz
nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan,
əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya
yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi,
qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi. Bu gün
Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır – bu
alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya
Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son
vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən
artıq çoxdur, həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar.
Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz
Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə
deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və
zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu
yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi
bir daha tariximizdə həkk etdik”.

Teqlər: